Çölyak xəstəliyi nədir? - Səbəbi və müalicəsi

  • 2019.11.21 10:42
  • 14375 Baxış
Çölyak xəstəliyi nədir? -  Səbəbi və müalicəsi
Çölyak xəstəliyi əhalinin 1%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərin qəbulu nazik bağırsağın iltihabına səbəb olur.


Medicin.az xəbər verir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.



Çölyak xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:

-İshal

-Qarın nahiyəsində şişkinlik

-Qarın ağrısı

-Ürəkbulanma

-Qusma


Çölyak xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir

-Çəki və enerji itkisi

-İştahasızlıq

-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı

-Osteoparoz

-Reproduktiv pozğunluq və ya spontan abortlar

-Vitamin və ya mineral çatışmazlığı


Uşaqlarda çölyak xəstəliyi erkən yaşlarda, adətən ana südündən tərkibində qlüten olan qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəlik müəyyən edilməmiş qalarsa uşaqlarda böyümə və inkişaf pozğunluğu riski yarana bilər. Çölyak xəstəliyindən əziyyət çəkən uşaqlar adətən zəif bədən quruluşuna malik, ağlağan və həssas olur.


Xəstəliyin formaları

Çölyak xəstəliyinin klassik, simptomatik və subklinik formaları mövcuddur. Bu formalar nazik bağırsağın selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Əlavə olaraq, təsadüf nəticəsində aşkar olunan, biopsiyada normal selikli qişa nümayiş etdirən potensial çölyak xəstəliyi də mövcuddur.


Xəstəliyin diaqnozu

Çölyak xəstəliyi hər yaşda müşahidə edilə bilər. Xəstəliyə şübhə olarsa, ilk növbədə qan analizi verilməli və müayinə edilməlidir. Anticisimlər müəyyən edildikdən sonra diaqnozu təsdiqləmək məqsədilə nazik bağırsaqdan biopsiya götürülür.


Çölyak xəstəliyi əksər hallarda irsi olduğuna görə yaxın qohumlar (valideynlər, bacı-qardaş və övladlar), hətta simptomlar olmasa belə çölyak xəstəliyinin diaqnozunun qoyulması məqsədilə müayinə olunmalıdırlar. Həkiminizlə əlaqə saxlamamışdan əvvəl, qlütensiz pəhrizə başlamamaq vacib nüans sayılır. Əgər siz həkim məsləhəti olmadan pəhrizə başlasanız xəstəliyin diaqnozunun qoyulması üçün vacib olan anticisimləri qanda müəyyən etmək mümkün olmayacaqdır.


Xəstəliyinin müalicəsi

Əgər çölyak xəstəliyinin diaqnozu təsdiqlənərsə həkiminiz sizə dərhal qlütensiz pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Çölyak xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır. Sadəcə qlütensiz pəhrizə riayət etmək də qısa müddət ərzində sağalmanın baş verməsinə səbəb ola bilir. Çölyak xəstəliyindən əziyyət çəkən şəxslərin əksəriyyəti qlütensiz pəhrizə başladıqdan qısa müddət sonra simptomsuz olur. Bununla yanaşı, nazik bağırsağın selikli qişasının regenerasiya prosesi bir neçə ay davam edə bilir.

Çölyak xəstəliyi nədir? -  Səbəbi və müalicəsi
Çölyak xəstəliyi nədir? -  Səbəbi və müalicəsi