Revmatizmin formaları, simptomları – Xalq təbabəti ilə müalicə

  • 22 Oktyabr, 2019
  • 4577 Baxış
Revmatizmin formaları, simptomları – Xalq təbabəti ilə müalicə

Revmatizm (kəskin oynaq revmatizmi)– streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir. Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

 

Medicina.az xəbər verir ki, revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.


Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır.. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmamazlığı əlamətləri inkişaf edir.

 

 

Revmotizmin formaları:
-revmokardit (ürək forması)
-revmatik poliartrit (oynaq forması)
-revmatik xoreya (müqəddəs Vitt rəqsi)
-revmatizmin dəri forması
-revmatik plevrit

 

 

 

 

 

Revmotizmin simptomları:
Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 40C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur. Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast gəlinir. Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.

 

 

Revmatizmin müalicəsi:
Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.

 

 

Revmatizm zamanı pəhriz:
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə rəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.

 

 

Revmatizmdə xalq təbabəti

 

 

Yovşan islatması
Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 300 ml qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma edilir.

 

 

Yonca vannası
50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.

 

 

 

 

 

 

Yasəmən cövhəri
Yarım litrlik bankaya ağzına qədər yasəmən çiçəkləri doldurulur, üzərinə 40%-li spirt əlavə olunur və 21 gün qaranlıq yerdə saxlanılır. Süzüldükdən sonra gündə 3 dəfə 30 damcıdan yeməkdən əvvəl daxilə qəbul olunur. Müalicə müdəti 3 aydır.

 

 

Tozağacı yarpaqları və tumurcuqları
Bir xörək qaşığı qurudulmuş tozağacı yarpaqları bir stəkan qaynar suda 6saat müddətində dəmlənir və süzülür. Dəmləmə gündə 2-3 dəfə 1/2 stəkandan qəbul olunur.

 

Dazıotu dəmləməsi
3 xörək qaşığı dazı otu 4 stəkan qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra gündə 3 dəfə 1/3 stəkandan yeməkdən əvvəl qəbul edilir. Müalicə müddəti 1-2 aydır.

 

 

 

 

 

Lobya qınları
20 qr xırdalanmış lobya qınları bir litr qaynar suda 3-4 saat müddətində qaynadılır, soyudulur və süzülür. Gündə bir dəfə 1/2 stəkandan qəbul edilir.

 

 

Kərəviz bişirməsi
100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.

 

Sarımsaq cövhəri
40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur. Ağzı bağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcıdan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.