Yayda bu əməliyyatları etdirmək məsləhət deyil - Riskli prosedurların SİYAHISI

  • 2019.06.12 20:08
  • 9226 Baxış
Yayda bu əməliyyatları etdirmək məsləhət deyil -  Riskli prosedurların SİYAHISI
Həkimlər bədən və üzdə keçirilən bir çox əməliyyatların yay fəslində əks-göstəriş olduğunu bildirir. Yaxşı olar ki, bu prosedur və əməliyyatlar payız-qış aylarında həyata keçirilsin. Ona görə istirahət və tətil aylarında vaxtım var deyə həkimə qaçmağa tələsməyin.


Medicina.az yayda qaçmalı olduğunuz tibbi prosedurları və müalicə növlərini təqdim edir.


Xalların götürülməsi


Çox gənclər yayda açıq  və çimərlik geyimində bədənlərində olan ət xalların görünməməsi üçün dermatoloqla məsləhətləşmədən xalların götürülməsi proseduruna gedir. Amma həkimlər birağızdan xal və piy törəmələrinin qışda götürülməsini məsləhət görür. Çünki yayda aqressiv günəş şüası və ultrabənövşəyi şüalar xal götürülən nahiyəyə mənfi təsir edəcək.  Bu prosedurdan sonra 1 ay müddətində xalın yeri günəş işığından qorunmalıdır. Yoxsa bu gün xalı götürüb, 1 həftə sonra dənizdə qaralmağa getmək, o xalı dəri xərçənginə kimi yetişdirə bilər.

 

İri xalları bəd və ya xoşxassəli olduğunu aydınlaşdırmaq üçün histoloji metodla araşdırmaq lazımdır. Ona görə xalları lazerlə ləğv etmək olmz. Yalnız cərrahi metodla. İnsolyasiya isə xalın yerində piqmentasiyanı arıtırır, ləkə yaranmasına səbəb ola bilir. Həm də dəridə aparılan istənilən aqressiv prosedur dərinin müdafiə qabiliyyətini zəiflədir, yara sağalma və piqmentasiya prosesi pozulur, bu da xalın yerində dərin çapıq və ləkənin qalmasına səbəb olur. 


Yeganə istisna melanoma və bədxassəli törəmələrin götürülməsindədir. Fəsildən asılı olmayaraq, aşkar olunduqda dərhal cərrahi yolla götürülməlidir.


Varikoz damar əməliyyatı 


Yenə də yay ayları gələndə ayaqlarında olan damarları, venaları, ulduzları yada düşən xanımlar fleboloqların qəbuluna tələsir. Düzdür çox fleboloqlar yayı səbəb gətirərək pasiyentə imtina etmir. Amma üzə çıxmış damarların götürülməsi flebektomiya əməliyyatı ilə aparılır. Bu əməliyyatdan sonra 2-3 həftə kompression corab geyinmək, həmçinin ayaqları fiziki yük və istidən qorumaq, ayaqlara ultrabənövşəyi şüalar düşməməlidir. Ümumiyyətlə, yayda istidən varikoz xəstəliyi daha da kəskinləşir.  Ona görə bu ərəfədə vena əməliyyatı ümumiyyətlə mənasızdır. Ən yaxşı vaxt payız-qışdır.


Plastik-estetik əməliyyatlar


Belə bir mif yayılıb ki, yayda plastik əməliyyat rahat keçir, asan sağalır, əməliyyat nahiyəsində qan dövranı yaxşı olur, isti hava xəstənin özünə tez gəlməsi və yaranın tez sağalmasını təmin edir. Həm də yayda insan işə getmir, tətildir və heç kimin gözünə görünmədən rahat gəzmək olar.

 

Lakin ekspertlər yayda plastik estetik əməliyyatdan uzaq durmağı məsləhət görür. Çünki blefoplastika, mammoplastika, rinoplastika, otoplastika kimi əməliyyatlarda 2-3 həftə ərzində gün altlnda gəzməmək lazımdır, yəni birbaşa gün istisi və işığından uzaq durmaq lazımdırı. Rinoplastika əməliyyatından sonra 3 ay ərzində gözə eynək taxmaq olmaz. Yayda isə eynəksiz mümkün deyil. Kompression alt geyimi isti aylarda komfortlu deyil. Üstəlik yayda insan tez-tez əl-üzünü yuyur, çimir və əməliyyatdan sonra bu çətinlik yaradacaq.

 

Yayda əməliyyat olunan pasiyentlərə cərrah bir müddət qatar və təyyarədən istifadə etməməyi tövsiyyə edəcək. Ona görə də yayda yaxşıca dincəlib, bütün əməliyyatları payız-qışa saxlamaq məsləhətdir.

 

40-45 dərəcə istiyə heç sağlam insanın dözümü olmur, o ki ola əməliyyatdan çıxmış bədən və zəif orqanizm. 


Üz nahiyəsində bütün dərin kosmetik prosedurlar, pilinqlər, botoks, qialuron yayda qadağandır. 


Yay – dəri üçün ən təhlükəli vaxtdır. Insan nə qədər gün altında qalarsa, bir o qədər melanomaya yoluxma riski artır. 70% hallarda melanoma dəridə sıfırdan yaranır. 29% isə artıq mövcud xalların melanomaya çevrilməsidir.

 


 
Yayda bu əməliyyatları etdirmək məsləhət deyil -  Riskli prosedurların SİYAHISI