4 yaşlı uşağın ürəyində aorta koartasiyasının darlığı aradan qaldırıldı

  • 2019.07.04 15:11
  • 3177 Baxış
4 yaşlı uşağın ürəyində aorta koartasiyasının darlığı aradan qaldırıldı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 4 yaşlı qızın ürəyinə invaziv müdaxilə olunub. Klinikanın həkimləri qızın ürəyində ağır dərəcəli aorta koartasiyasını aradan qaldırıblar. Bu barədə medicina.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. ATU-nun Tədris Terapevtik Klinikasının kardioloqu Elnur İmanovun sözlərinə görə, exokardioqrafik müayinə zamanı balaca xəstənin ürəyində ağır dərəcəli aorta koartasiyası, sol ürək boşluğunun qalınlaşması aşkarlanıb: "Bu, anadangəlmə ürək qüsurudur. Bu zaman aorta müəyyən səviyyədə daralmış olur. Darlıq xüsusilə aortadan baş və qollara gedən damarlar çıxdıqdan sonra yaranır. Belə olarkən ürəkdən vücuda göndərilən qan axını daha dar yerdən keçmək məcburiyyətində qalır. Bu qüsur yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır. Odur ki, həmin xəstənin də əməliyyat olunmasına qərarı verilib. Əməliyyat zamanı xəstənin aorta koartasiyası nahiyəsinə ballon dilatasiyası müdaxiləsi olunub və darlıq aradan qaldırılıb”. E.İmanov bildirir ki, əməliyyat uğurla keçib və hazırda xəstənin vəziyyəti stabildir. Bu gün körpə evə yazılacaq. Qeyd edək ki, aorta koartasiyası bütün anadangəlmə ürək qüsurlarının 6-12 faizini təşkil edir. Hər 1200-1300 diri doğulan körpədən birində koartasiyaya rast gəlinir.
4 yaşlı uşağın ürəyində aorta koartasiyasının darlığı aradan qaldırıldı