Allergiyanın sonrakı ağır fəsadları astma, təngnəfəslik ilə nəticələnir - Allerqoloqdan AÇIQLAMA

  • 2019.06.03 16:40
  • 5677 Baxış
 Allergiyanın sonrakı ağır fəsadları  astma, təngnəfəslik ilə nəticələnir -  Allerqoloqdan AÇIQLAMA
Mütəxəssis: "Allergiyadan müalicə olunmaqdan daha çox qorunmaq lazımdır”


"İnsanlar arasında daha çox yaz-payız aylarında allergiya halları müşahidə olunur. Bu fəsillərdə həm qidalarla əlaqəli, həm tozcuqlar, həm gül-çiçəkdən allergiya ola bilər. Qidalarla bağlı allergiyaya daha çox uşaqlar arasında rast gəlinir”.


Medicina.az xəbər verir ki, bunu"Report”a açıqlamasında pediatr-allerqoloq Amaliya Əyyubova deyib.


Onun sözlərinə görə, süd məhsulları, yumurta, balıq, şirniyyat və sitrus meyvələri daha çox uşaqlarda allergiya verə bilir: "Bu da bütün yaş qrupunda olan uşaqlarda qeydə alınır. Yəni xəstəliyin uşaqlar arasında yaş qrupu yoxdur. Hətta yeni doğulan körpədə də allergiya ola bilər. Böyüklərdə isə adətən havada olan tozcuqlar, tullantılar vasitəsilə yayılır. Bu tək Azərbaycanda yox, dünyada olan ekoloji problemlə əlaqəlidir”.


Mütəxəssis məsləhət verib ki, hər bir insan vaxtında həkimə müraciət edərək allergiyanın baş vermə səbəbini öyrənməlidir:

 

"Allergiyadan müalicə olunmaqdan daha çox qorunmaq lazımdır. Misal olaraq, allergiya günəşə qarşı da ola bilər. Belə olan halda həmin şəxs günəşin altında gəzməməlidir. O, ancaq kölgədə gəzməli, yaxud çətirdən istifadə etməlidir. Yaxud da havada olan tozcuqlara qarşı olan şəxslər evdə pəncərəyə tor vurmalı və gündə bir-iki dəfə nəm parça ilə silinməlidir. Eyni zamanda havaya çıxarkən qoruyucu maskalardan və gözünə eynək taxılmalıdır. Əgər vacib deyilsə çölə çıxmaq məsləhət deyil. Yaxud da hansı qidaya qarşı allergiya varsa onu rasiondan çıxarmaq labüddür. Qış mövsümünə doğru allergiya halları azala bilər”.


O qeyd edib ki, allergiyanın sonrakı ağır fəsadları özünü astma, təngnəfəslik və xışıltıların çoxalması halları ilə göstərir.