- Su satanların fırıldağı, meyvələrin “günahı”, yoxsa təxribat...Azərbaycanda zəhərlənmə müəmması

  • 2017.06.12 12:20
  • 18856 Baxış
 - Su satanların fırıldağı, meyvələrin “günahı”, yoxsa təxribat... Azərbaycanda zəhərlənmə müəmması
Sumqayıt və ətraf qəsəbələrdə iyunun 7-dən bu günə qədər uşaqlar arasında kütləvi zəhərlənmədən xəstəxanaya 186 nəfər müraciət edib. 


Bu haqda danışan Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin modern.az-a dediyinə görə, onların hamısı işləmə və qusma ilə gəlməyib, içərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər var.


BakuPost.az-ın verdiyi xəbərə görə, bu hadisə təkcə Sumqayıtda deyil, Bakının bəzi hissələrində də baş verib. Sadəcə, Sumqayıtda daha kütləvi olub.


Sumqayıtda camaat arasında gəzən söz-söhbətlərdə üç versiya irəli sürülür: su borusuna kanalizasiya ilə axıdılan möhtəviyyat vurulub, Ceyranbatan su anbarına zəhər axıdılıb, içməli su satan şirkətlər böhran vəziyyətində daha çox gəlir əldə etmək üçün bu təxribata əl atıb. 


"Azərsu” ASC isə uşaqların sudan zəhərlənmədiyini bildirir, Sumqayıt səhiyyə şöbəsi isə uşaqların tut, gilas yeyib üstündən su içdiklərinə görə bu vəziyyətin yarandığını bildirir. Bu axşam isə suyun müayinəsinin nəticələri açıqlanacaq. 

 



Yəni hadisənin əsl səbəbləri haqda səhih məlumatlar yoxdur. Reallıq ondan ibarətdir ki, bütün sualların cavabları suyun tərkibində hansısa bakteriyaların olmasına gətirib çıxarır. 


Hətta Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri N.Baxşəliyev da təsdiqləyir ki, uşaqlar mer-meyvə yedikdən sonra üstündən su içdiyi üçün zəhərləniblər. 


Amma 186 uşağın meyvənin üstündən su içməsinə görə işləmə-qusmaya düşməsi inandırıcı görünmür. Hər il yay mövsümündə ölkənin hər bir yerində uşaqlar meyvə yeyib üstündən su içirlər, hətta dondurma da yeyirlər. 


Ancaq ilk dəfə kütləvi zəhərlənmə baş verir. Bu da öz növbəsində hansısa epidemiyanın yayılması, suyun tərkibində infeksiyaların olması ehtimallarını gücləndirir. 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BakuPost.az-a bildirib ki, onlar Səhiyyə Nazirliyinin apardığı araşdırmanın nəticələrini gözləyir: "Bu məsələdə nazirlik mütləq şəkildə operativ olmalıdır. Ancaq yenə də gecikmə ilə hərəkət edilir. Nəzərə almaq lazımdır ki, zəhərlənmə davam edə bilər”.

 



E.Hüseynov ehtimal edir ki, baş verən hadisə yeni tikilən binaların özlərinə məxsus su anbarlarında saxlanan suların çirklənməsi ilə əlaqədar ola bilər: "Dünya Su Konqresinin iştirakçısı kimi onu da deyim ki, "Azərsu” içməli suyu kifayət qədər təmizləyir. Bizim ehtimalımız budur ki, təzə binaların su anbarlarında çirklənmə olub və zəhərlənmə baş verib”.


AİB sədri Sumqayıt səhiyyə şöbəsinin uşaqların meyvə yeyib üstündən su içdiyinə görə zəhərlənməsi barədə açıqlamasını bölüşmür: "20 ildir ki, kütləvi istehsalçılardan biri barəsində cinayət işi başlanmayıb və həmişə günahı istehlakçının boyuna qoyurlar. 119 uşağın gərək hamısı eyni ağacdan tut yesin ki, bu variantı mümkün hesab edəsən. 


Hər halda sosial şəbəkədə 120 adam tapa bilmərik ki, gilas, ya tut ağacından eyni vaxtda yesinlər. 


Hətta bu meyvələri evdə yesələr belə, 119 uşağın zəhərlənməsinin eyni vaxta təsadüf etməsi ağlabatan deyil. Çox güman ki, hadisə su anbarlarında olan çirklənmədən olub”.


E.Hüseynov içməli su satan şirkətlərin bu məsələdə rolunun olmasını da istisna etmir: "Su filtrçilərinin bir oyunu olduğunu demək olar. Amma əsas məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür və gecikmədən nəticələri açıqlamalıdırlar”.


Beləliklə, həm Sumqayıt səhiyyə şöbəsi, həm Azad İstehlakçılar Birliyi uşaqların sudan zəhərləndiyini təsdiqləyir. Amma məsuliyyəti rəsmən kimin boynuna götürəcəyi hələ sual altındadır...   


Bakutibb

 - Su satanların fırıldağı, meyvələrin “günahı”, yoxsa təxribat... Azərbaycanda zəhərlənmə müəmması
 - Su satanların fırıldağı, meyvələrin “günahı”, yoxsa təxribat... Azərbaycanda zəhərlənmə müəmması