Bu dəfə olmadı - Nəslican Xərçəngə 4-cü dəfə qalib gələ bilmədi

  • 21 Sentyabr, 2019
  • 8758 Baxış
Bu dəfə olmadı - Nəslican Xərçəngə 4-cü dəfə qalib gələ bilmədi
Bir neçə ildir xərçəngdən əziyyət çəkən, xəstəliyə üç dəfə qalib gələn universitet tələbəsi Nəslican Tay ötən gün müalicə olunduğu xəstəxanada vəfat edib.



Medicina.az xəbər verir ki, klinikadan verilən məlumata görə, 20 yaşlı gənc qız saat 21:20-də həyata gözlərini yumub. O, vəziyyəti ağır olduğundan bir neçə gün əvvəl reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ancaq hər kəs Nəslicanın yenidən ayağa qalxacağına inanırdı. Çünki, məhz xərçəngə qarşı əzmkar mübarizəsi ilə bütün Türkiyənin sevgisini qazanmışdı. Hamı onu xərçəngə meydan oxuyan gənc qız kimi tanıyrdı.


Nəslican 18 yaşında, universitet imtahanlarına hazırlaşarkən xərçəngə yoluxub. Şiş səbəbindən sağ ayağı amputasiya edilib. Ancaq buna baxmayaraq, ruhdan düşməyərək, mübarizə əzmi və yaşama həvəsi ilə xərçəng xəstələrinə nümunə olub. Xərçəng olduğu halda universitetdə oxumaq arzusundan vaz keçməyib və psixologiya fakültəsinə daxil olub. O, iki ildir müalicə prosesini, yaşadıqlarını, keçirdiyi hissləri izləyiciləri ilə bölüşüb. Reanimasiyaya yerləşdirilməzdən əvvəl sosial mediada paylaşdığı son videomüraciətdə "İndi hər şeyin çox gözəl olmasının tam zamanı” demişdi.


Yaşamağı sevən gənc qız xəstəliyə yenidən qalib gələcəyinə inanırdı: "Xərçəngin məni məğlub edəcəyinə bir gün belə inanmadım. Mən savaşmaq məcburiyyətindəyəm. Bu həyatda qalmaq istəyirəm, yaşamaq istəyirəm. Bunun üçün nə lazımdırsa edəcəm”.



Ancaq təəssüf ki, bu dəfə mübarizədə Nəslican yox, xərçəng qalib gəldi. Bu xəbər internet fenomeni olan gənc qızın bir milyona yaxın izləyicisini, eləcə də bütün Türkiyəni kədərləndirib. Sıravi vətəndaşlardan türkiyəli məhşurlara qədər hər kəs onun yaşamaq sevgisinin nümunə olduğunu yazır: "Bizə sonuna qədər yaşamağın nə olduğunu göstərdin. Hamımızın qəlbindən bir parça apardın!"