Həkim pediatr və aptek sahibi məhkəmə qarşısında - Psixotrop maddə satmaq ittihamı

  • 2019.07.25 16:39
  • 8316 Baxış
Həkim pediatr və aptek sahibi məhkəmə qarşısında -  Psixotrop maddə satmaq ittihamı
Bakıda iki aptek rəhbərii hakim qarşısına çıxarılıb. Onlar satışı reseptsiz qadağan olunan psixotrop dərmanların satışında ittiham edilirlər. Həmin şəxslər həbs edilməyib və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Medicina.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Mikayılov, Yaqub Kazımov və Xədicə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.


İttihamda göstərilir ki, Səbuhi Mikayılov və Yaqub Kazımov özlərinə məxsus apteklərdə satışı reseptsiz qadağan olunmuş psixotrop dərman vasitələri satıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı dərman vasitələrinin reseptsiz satışı müəyyən edilib.


Səbuhi Mikayılov, Yaqub Kazımov və onun satıcısı Xədicə Məmmədova törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.


İşin təfərrüatı belədir ki, Səbuhi Mikayılova məxsus aptekə gələn müştəri bir neçə dərman istəyib. Səbuhi Mikayılov öz aptekində olmayan və satışı reseptsiz qadağan olunan dərmanı Yaqub Kazımovun aptekindən alıb. Bu zaman polis əməkdaşları əməliyyat keçirərək hər iki şəxsi və satıcını saxlayıblar.


Elan olunmuş ittihamla hər üç şəxs özünü təqsirli bilməyib.


Məhkəmədə Səbuhi Mikayılov ifadə müştərinin istədiyi dərmanlardan yalnız birinin olmadığını, buna görə də qonşu aptekə müraciət etdiyini deyib:


Suallara cavab olaraq Səbuhi Mikayılov qonşu aptekə resept təqdim edib-etmədiyini xatırlamadığını deyib.


Digər təqsirləndirilən şəxslər isə buna etiraz edib. Onlar bildiriblər ki, dərman reseptlə verilib.


Məhkəmə iclasının davamında Xədicə Məmmədova da ifadə verib. O da özünü təqsirli bilməyib.


"Biz heç vaxt reseptsiz dərman satmamışıq. Həmin gün də qonşu aptekdə işləyən Könül gəldi. Dərmanı istəyəndə resept tələb elədim. Olmadığı üçün vermədim. Sonra Səbuhi müəllim gəldi. Mən yenə də resept olmadığı üçün dərmanı vermədim. Sonra resept gətirdilər, mən də verdim. Reseptin sürətini də çıxardım".


Suallara cavab verən Xədicə Məmdova deyib ki, resepti ona Səbuhi Mikayılov verib: "Bunu dəqiq bilirəm. Hətta iki dəfə dərmanı vermədiyim üçün əsəbləşmişdi. Yaqub müəllimə zəng elədi. Yaqub müəllim də dedi ki, reseptsiz olmaz. Sonra Səbuhi müəllim resepti gətirib əsəbi şəkildə mənə verdi. Dedi ki, ala, bu da resept".


Qeyd edək ki, Səbuhi Mikayılovun həkim pediatr olması ilə bağlı da məlumat var. Onun məşhur "EuroMed" Tibb Mərkəzində çalışdığı bildirilir.