Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür

  • 2019.05.30 16:21
  • 5970 Baxış
  Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür
 

Beynəlxalq Dağınıq Skleroz Günü bu problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur.

 

 

 Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2.3 milyona bərabərdir.   Ölkəmizdə də dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılıb.

 

Nəticədə xəstəliyin aşkarlanması işi yaxşılaşıb, fəsadlaşma hallarının sayı azalıb.   Ötən il fevralın 28-də ölkə Prezidentinin imzaladığı Sərəncamla "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur.   Ümumiyyətlə, dünyada 1935-ci ilə qədər bu xəstəlik haqqında heç bir məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkimi J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini ifadə edib. XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumat var idi.

 

1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.

 

 
  Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür