Qazax səhiyyəsində "hepatit qalmaqalı" böyüyür - Gənc qadın əməliyyatda hepatitə yoluxduğunu deyir

  • 16 Avqust, 2019
  • 4506 Baxış
Qazax səhiyyəsində

"Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinin cərrahı Cəbrayıl Vəlizadədən rayon prokurorluğuna ünvanladığım şikayətə dırnaqarası münasibət göstərilir. Prokurorluq üç aya yaxındır ki, bu şikayəti araşdırıb, lazımi tədbirlər görməkdən yayınır". 

Medicina.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında həkim səhlənkarlığının qurbanı olmuş Qazax rayonu, Aslanbəyli kənd sakini Həsənova Əfsanə Osman qızı deyib. 

Xatırladaq ki, o, bu ilin iyununda saytımıza müraciətində başına gələnləri təfsilatilə qeyd etmişdi. Belə ki, üç uşaq anası olan Əfsanə xanım, 22 yanvar 2019-cu ildə də adıçəkilən rayonun Müalicə-Diaqnostika Mərkəzində əməliyyat olunub və öd kisəsi götürülüb. 

Bundan bir gün əvvəl, yəni yanvar ayının 21-də müayinədən keçirilən xəstənin bu məqsədlə təcili əməliyyat edilməli olduğu bildirilib. Lakin həmin müayinə zaman onda hər hansı başqa bir xəstəliyin və ya infeksiyanın olması aşkar edilməyib. Ertəsi gün baş tutan əməliyyatı xəstəxananın həkimi Cəbrayıl Vəlizadə həyata keçirib. 

Əməliyyatın üstündən bir qədər keçdikdən sonra onun səhhəti yenidən pisləşib. O, martın 11-də Müalicə-Diaqnostika Xəstəxanasında yenidən müayinə olunub və hepatitə yoluxduğu aşkarlanıb. 

Xəstənin yaxınları onu təcili Bakı şəhərinə gətiriblər və martın 12-də Ə.Həsənova paytaxtdakı Mərkəzi Kliniki Xəstəxanada təkrar müayinədən keçirilib. Müayinə zamanı onun  hepatitə yoluxduğu təsdiqlənib. 

"Bizə bildirildi ki, yoluxma faktı yenidir və böyük ehtimalla Qazaxda Cəbrayıl həkimin həyata keçirdiyi əməliyyat zamanı baş verib. Sonradan bunu əməliyyat edən həkim Cəbrayıl Vəlizadə də özü də bizimlə söhbətində təsdiqlədi. Dedi ki, xəstəxanada cərrahi ləvazimatların təmizliyini təmin etmək üçün vacib olan maddələr yoxdur, həmin maddələrin alınması üçün dəfələrlə baş həkim Kamandar İbrahimova müraciət edib, ancaq heç bir nəticəsi olmayıb. Cəbrayıl həkim hətta onu da dedi ki, "əgər mənə inanmırsınızsa, gedək, Kamandar müəllimin özündən soruşun". Bu biabırçılıqdır" – deyə şikayətçi hələ iki ay öncə saytımıza açıqlamasında bildirmişdi. 

Xəstənin sözlərinə görə, vəziyyətinin stabilləşməsi yalnız uzun sürən və kifayət qədər bahalı müalicədən sonra mümkün olub. Nəticədə ailə gənc ananın həyatına yaranmış təhlükəni aradan qaldırmaq üçün bütün maddi imkanlarını səfərbər edib, üstəlik, ağır stress, psixoloji gərginlik yaşamalı olub:
 
"Mənim, yaxınlarımın, balalarımın  hansı hisslər keçirdiyimi təsəvvür edə bilməzsiniz. İndi biz tələb edirik ki, məni ağır xəstəliyə düçar edənlər, heç olmasa, müalicə xərclərini ödəsinlər, mən heç mənəvi təzminatdan danışmıram". 

Şikayətçi bildirir ki, Qazax rayon prokurorluğu şikayətçinin adıçəkilən şəxslərlə bağlı şikayəti üzrə hər hansı araşdırma aparmır. "Prokurorluq nəyə görəsə bizim şikayəti Səhiyyə Nazirliyinə ünvanlamaqla işini bitmiş sayıb. Belə ki, rayon prokuroru, baş ədliyyə müşaviri Əlirza Babayev bizim müraciətimizə 21 may 2019-cu il tarixli cavabında bildirir ki, Sizim Qazax Müalicə-Diaqnostika Mərkəzində əməliyyat zamanı "Hepatit c" virusuna yoluxması barədə ərizəniz baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Aparatına göndərilmişdir".
 
Onsuz da biz bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də şikayət ünvanlamışıq. Buna görə Qazax rayon prokurorluğunun özünə əziyyət verməsinin səbəbini başa düşə bilmirik. Prokurorluq faktı araşdırıb, bir vətəndaşın başına dəhşətli hadisəni gətirən şəxs və ya şəxslər barədə qanuni ölçü götürülməsində maraqlı olmalı deyilmi? Ən azı həmin şəxs və ya şəxsləri dəvət edib, ərizəmizdə qeyd olunan xüsusların nə qədər haqlı olub-olmadığını araşdıra bilməzdilərmi?" – deyə Ə.Həsənova saytımıza növbəti müraciətində sual edib. 

O, respublikanın Baş prokuroru Zakir Qaralovdan kömək istəyib: "Hörmətli Zakir müəllimdən xahiş edirəm ki, Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinin cərrahı C.Vəlizadənin səhlənkarlığı nəticəsində gənc bir ananın hepatit virusuna yoluxdurulması faktının qanunvericiliyinin tələbləri çərçivəsində araşdırılması üçün Qazax rayon prokurorluğuna göstəriş versin. Eyni zamanda araşdırılsın görək, Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi K.İbrahimov nəyə görə bu həkim səhlənkarlığını gizlədir, indiyədək heç bir tədbir görmür və ya görmək istəmir? Məgər bizim ölkədə insan taleyi bu qədər ucuzdurmu?"