“Bizim nəsildə son 100 ildə siqaret çəkən olmayıb” - Aydın Mirzəzadənin sağlamlıq düsturu - VİDEO

  • 27 Mart, 2019
  • 12862 Baxış
“Bizim nəsildə son 100 ildə siqaret çəkən olmayıb” - Aydın Mirzəzadənin sağlamlıq düsturu - VİDEO

Aydın Mirzəzadə Milli Məclisdə təmsil olunan deputatlar arasında ən təmkinli görünənlərdən biridir. İllərdir deputat mandatı daşıyan Mirzəzadəni çox nadir hallarda hansısa polemikanın, qalmaqalın mərkəzində görmək mümkündür. Müsahibələrinə, çıxışlarına baxdıqda, sanki əsəbləri alınmış bir insan təsiri bağışlayır. Bəs, doğrudan da Aydın Mirzəzadə belə sakit biridirmi, yoxsa bu, sadəcə onun siyasi taktikasıdır. 

Girişdən də anlaşıldığı kimi, Medicina.az-ın "Məşhurların sağlamlıq düsturu” rubrikasının budəfəki qonağı deputat Aydın Mirzəzadədir. Aydın müəllim müsahibədə həm yuxarıdakı, həm də başqa bir çox suallara cavab verib. 

- Aydın müəllim, sizin üçün sağlam həyat tərzinin təməl prinsipləri nədir?
 
Bu, çox mürəkkəb, həm də çox sadə sualdır. İstər-istəməz, mən daxilimdə bu prinsipləri müəyyənləşdirməliyəm. Birincisi, mən pis vərdişlərdən uzağam: heç vaxt siqaret çəkməmişəm. Babalarım, atam çəkməyib, mən də çəkmirəm, oğlum da çəkmir. Mən nəslimizin 200 illik tarixini bilirəm. Axırıncı 100 ildə nəslimizdə siqaret çəkən olmayıb. İçki, hətta pivə belə içmirəm. Deyilənə görə, müəyyən miqdarda şərabın faydası var. Amma bununla belə, mən ondan bir ləzzət duymadığım üçün içkidən uzaq dururam. 
 
Yeniyetməlikdən özüm üçün müəyyənləşdirdiyim 3-cü prinsip isə odur ki, çalışıram, həmişə psixoloji durumumu stabil və sakit saxlayım. Hiss etmişəm ki, əsəbi, gərgin, hər şeyə reaksiya verən insanların sonradan özünə gəlmələri çətin olur. Onların cəmiyyətdə problemləri yaşanır. Mənim valideynlərim sakit təbiətli olub. Bəlkə də bu, genetikamda var. Mən konflikti sevmirəm, gərginliyi sevmirəm, istənilən məsələni sakit tərzdə həll etməyə çalışıram. Çalışıram, düşmənim az, dostlarım çox olsun. 
 
Digər tərəfdən tibbə dair çox mütaliə edirəm. Vaxtaşırı həm Azərbaycan, həm də  xarici mətbuatdan sağlam həyat təcrübəsi ilə bağlı bu və ya digər materiallar oxumağı xoşlayıram. Bütün bunların bir hissəsi ailəmdən gəlir. Ailəmdə zərərli vərdişlər olmayıb. Bizi həmişə sağlam qida ilə qidalandırıblar. Mən də öz növbəmdə ona əməl etməyə çalışmışam. 
 
 
 
Birincisi, sutka ərzində 8 saat yuxu mütləq yatmalıyam. Mən bu rejimi çalışıram ki, pozmayım. Eyni vaxtda yuxuya gedib, eyni vaxtda oyanıram. Sonradan mən bu cür yuxu rejiminin insanın sinir sistemini qaydasında saxladığını və daxili orqanların işinin yaxşılaşdırdığını oxudum.  

İkincisi, mən səhər, günorta, axşam yeməklərimi konkret saatlarda yeməyə çalışıram. Bəzən elə olur ki, günorta yeməyi yeməyə imkan olmur. Bu zaman mütləq hazır qida alıb, maşında da olsa yeyirəm. 

Bundan başqa, mütləq təzə ərzaqlardan istifadə edirik. Ailəmizdə belə bir qanun var ki, bugünkü yeməyi sabaha saxlamırıq. Düzdür, xanım üçün hər gün təzə yemək hazırlamaq çətin ola bilər. Amma vacib deyil ki, hər gün yemək bişirilsin. Bu salat ola bilər və ya ailəliklə hər hansı bir kafedə yemək yemək ola bilər.
 
Süd məhsullarından çox istifadə edirəm. Südü yalnız təmiz və təbii kənd südü olduğuna  inandığım yerdən alıram. Bəlkə də Azərbaycanda pendir ən çox bizim evimizdə yeyilir. Hər pendiri də almırıq. Pendiri özüm seçirəm. Motal pendirini çox sevirəm. Rayonlara gedərkən çalışıram ki, çörək, pendir və meyvə alım. Çünki hər rayonun ərzaqları özünəməxsus olur. 

Mən ərzağı eyni insanlardan alıram. Bəlkə 15 ildir ki, əti eyni adamdan alıram. Həmin insan bəlkə 5-6 dəfə yerini dəyişib. Hər dəfə də mənə zəng vurub yerini bildirib. Bundan başqa, biz həmin gün bizə lazım olacaq miqdarda ət alırıq. Heç vaxt ət alıb soyuducuda saxlamırıq. Hər dəfə yalnız təzə halda istifadə etməyə üstünlük veririk. Toyuğu ancaq bazardan alırıq. Mən broyler toyuğu yeyə bilmirəm. Hesab edirəm ki, bahalı olan ərzaqdan az-az alım, amma bilim ki, bunun orqanizmə xeyri var. 
 
Mən ucuz və daha çox ərzaq alaraq orqanizmi korlaya bilmərəm. Orqanizmimi ona zərər verəcək bioloji materiallarla qidalandıra bilmərəm. 
Evimizdə hər gün mütləq sulu yemək olur. Azərbaycan mətbəxi o qədər zəngindir ki, hər gün müxtəlif cür sulu yemək hazırlamaq mümkün olur. Çox qızardılmış qidalardan bacardığımız qədər imtina etmişik. Kərə yağından ancaq səhər yeməyində istifadə edirik. Gündəlik yeməkləri isə ancaq keyfiyyətli zeytun yağında hazırlamağa üstünlük veririk. Duzu az işlədirik.
 

 
Bir sözlə, sağlam qidalanmağa üstünlük veririk. Bəlkə ondandır ki, az xəstələnirik. Yemək yedikdən sonra hər hansı bir ağırlıq hiss etmirik. Özümüz üçün belə bir sistem qurmuşuq, nə qədər düzgündür, deyə bilmərəm. Hər halda bizim təcrübəmiz budur. 
 
Bütün bu sadalananları həkim məsləhətinə görə etmirik. Sadəcə, orqazimimizi belə qurmuşuq. Məsələn, biz 3-ün yarısından sonra günorta yeməyi yemirik. Axşam yeməyini isə maksimum saat 9-un yarısına qədər bitiririk. Uzun müddətdir ki, şirniyyatla çay içmirik.  Çayı ya quru meyvə, ya da çox az miqdarda mürəbbə ilə içirik. Mən bir stəkan çayı yarım çay qaşığı mürəbbə ilə içirəm.  
 
İnsanlar elə düşünürlər ki, istənilən sudan çay dəmləmək və yemək bişirmək olar. Amma istifadə edilən su təmiz olmalıdır. Evimizə filtr qoydurmuşuq. Biz istifadə üçün, yeməklərin bişirilməsi, çay dəmlənməsi, hətta qabların yuyulmasını da bu su ilə həyata keçiririk. 
 
Azərbaycanda çay seçimi kifayət qədər genişdir. Mən həmişə çox keyfiyyətli çay almağa çalışıram. Son dövrlərdə rəng qatılmayan, aromatsız bir çay kəşf etmişəm, ancaq onu alıram. Yaxınlarıma və dostlarıma da onu məsləhət bilirəm. 
 
Əgər sağlam olmaq istəyiriksə, zərərli vərdişlərdən və qeyri-düzgün qidalanmadan uzaq durmaqdan əlavə, mütləq sanitar qaydalara da riayət etmək lazımdır. Əgər sanitar təmizlik yoxdursa, onda hesab edin ki, etdiklərinizin hamısına qara bir xətt çəkilir. Əllər mütləq yuyulmalıdır, stolun üstü silinməlidir. Qidaların üstü mütləq örtülməlidir. Mənim xanımım yemək yedikdən sonra qabları yuyub qurulamasına baxmayaraq, yeməkdən əvvəl yenə də yuyur. Ola bilsin ki, bir çox insanlarda bu cürdür. 
 
Sağlam qidalanma, sağlam həyat tərzi, deyirlər, insanın uğurlarının 50 faizidir, amma mən deyərdim ki, bu faiz daha yüksəkdir. Sağlam insan daha yaradıcı olur, cəmiyyətə daha çox fayda verə bilir. Sağlam insan təkmilləşir və öz təcrübəsini gələcək nəslə ötürə bilir. Məsələn, dəfələrlə olub ki, hər hansı bir gənc oğlan marketdən zərərli bir qida məhsulu alıb. Mən də ona filan səbəblərdən bu qida məhsulunu alma kimi tövsiyə vermişəm. Amma həm də onun seçiminə qarışdığım üçün də üzrxahlıq da etmişəm.  Demək olar ki, hər dəfə gənclər həmin ərzaqları qaytarıblar.  Ona görə ki, onlara bu sözü deyən, izah edən olmayıb. Bizdə belə bir şey var ki, kimsə nəsə alanda biz həmin adamın seçiminə qarışmırıq. 
 
Belə bir fikir var ki, insan nə ilə qidalanırsa odur. Siz bu fikirlə razısınızmı? 
 
Bu fikirlə razı deyiləm. Biz valideynlərimizin yaratdığı sənət əsəriyik. Onlar bizə sonradan hərəkət etmək, yaşamaq üçün enerji, genetik proqram verirlər. Bizi formalaşdıraraq yönləndirirlər. Sonrası artıq bizim özümüzdən asılıdır.  Bu, yalnız valideynlərin yaratdığı sənət əsərinin fəaliyyət göstərməsi üçün dəstəkdir. Sanki zavoddan avtomobil buraxılıb, ona keyfiyyətsiz benzin və ya yağ vurularsa, vaxtında təmir edilməzsə, avtomobil bərbad vəziyyətə düşər. Amma avtomobil özü keyfiyyətsizdirsə, ona nə qədər keyfiyyətli benzin də töksəniz, istədiyimizi əldə edə bilməyəcəyik. Bu, mənim subyektiv fikrimdir. Bununla belə, mənə elə gəlir ki, qidalanmaq universitetdir. Biz o universiteti daima oxumalıyıq. Bu sağlamlıq və qida mədəniyyəti universitetidir.
 
Biz daima öyrənməliyik, daima fikirlərimizi yeniləməliyik. Həyat get-gedə mürəkkəbləşir, yenilənir. Demək olar ki, hər gün həyatımıza nə isə bir yenilik daxil olur. Biz bu sürətli həyatla ayaqlaşmağa çalışırıq. Yeni ərzaq növləri çıxır, yeni qidalanma texnologiyası hazırlanır. Biz bunlara hazır olmalıyıq. 
 
 

İdmana münasibətiniz necədir? Sizi tez-tez piyada gəzən görürük...

Mən heç vaxt idmanla məşğul olmuram. Heç vaxt məşğul olmamışam. Ona görə ki, idmanda mütləq bir tərəf uduzmalıdır. Mən isə uduzmağı xoşlamıram. Psixoloji olaraq məşğul ola bilmirəm. Amma oxuduğum bir çox mənbələrə əsasən bilirəm ki, sağlam qidalanmaqla, təmizliyə riayət etməklə, açıq havada çox olmaqla, su prosedurlarından istifadə etməklə, psixoloji durumunu sakit və stabil saxlamaqla, bacardığın qədər çox gəzməklə idmanın verdiyi müsbət nəticələri əldə etmək mümkündür. Gənclərimizin bir qismi intensiv surətdə idmanla məşğul olurlar. Sadəcə, əhval-ruhiyyənin yaxşı olması, aktiv olmaq üçün idmanla məşğul ola bilərsən. Bununla belə, idman yarışlarına həvəslə baxıram, izləyirəm. 

Tez-tez müayinə olunursuz? 

Həkimlərdə tez-tez oluram. Mənim bir-iki sağlamlıq problemim var. Vaxtaşırı olaraq həkimlərdən keçirəm, müalicə kursu qəbul edirəm. Ona görə də həmin xəstəliklərin ağırlaşmasını və ya fəsadını görmürəm. Və ya hər hansı bir narahatlıq hiss edirəmsə, o zaman çalışıram ki, operativ şəkildə həmin sahə üzrə həkimlərlə məsləhətləşim. Bizim çox yaxşı həkimlərimiz var. Təqribən 4 ay bundan əvvəl mən əməliyyat keçirdim. Eşitmişəm ki, bir çoxları o əməliyyat üçün Türkiyəyə, İsrailə, Almaniyaya gedirlər. Ancaq mən Bakıda əməliyyat edildim. Düzdür, mətbuata bu barədə demədim. Fikirləşdim ki, bununla diqqət çəkmək düzgün deyil . Qoy mən deputat fəaliyyəti ilə diqqət çəkim.  

Bizə də nə əməliyyatı olunduğunuzu deməyəcəksiniz?

-Deyəcəm, amma kamera, diktafon sönəndən sonra (gülür)
 
Bir çox çox məmurlar müalicələrini, əməliyyatlarını adətən xaricdə etdirirlər. Amma siz deyəsən, sağlamlığınızı bizim səhiyyəmizə etibar edirsiniz?

-Bəli! Azərbaycanda kifayət qədər yaxşı həkimlər var. Bir çox insanlar hər hansı analizləri və ya qoyulan diaqnozu yoxlamaq üçün Avropa ölkələrinə üz tuturlar və orda da diaqnoz təsdiqlənir. Bu, məni sevindirir. Demirəm ki, Azərbaycan səhiyyəsində hər şey əladır. Biz hələ çox iş görməliyik. Yüksək professional, ən yeni avadanlıqlarla işləyən həkimlər hazırlanmalıyıq. Biz Azərbaycanı kənardan xəstə qəbil edən ölkə səviyyəsinə qaldırmalıyıq. Amma bununla belə, hər halda Azərbaycanda işini bilən  həkimlər və etimadlı klinikalarımız var. Həkim sənəti indinin özündə də Azərbaycanda  ən populyar ixtisaslardan biridir.
 
Formada qalmaq üçün başqa nələr edirsiniz? 

Mən formada qalmaq üçün insanlarla təmasda olmağı çox xoşlayıram. Söhbət etmək, nə isə öyrənmək, onlardan bir müsbət enerji almaq xoşladığım işdir. Bu da mənim sağlam qalmağıma kömək edir. Bir də ən vacib məsələlərdən biri də ailə ilə çox bir yerdə olun. Bacı-qardaşlarınızla vaxtaşırı zəngləşin. Hər xırda şeyləri onlarla müzakirə edin. Övladlarınızla, xanımlarınızla bacardığınız qədər çox vaxt keçirin. Çalışın ki, xanımınızla razılaşasınız. Bu, həm sizin əsəblərinizi qoruyacaq,  həm də xanımınızın sizə daha çox bağlanmağına səbəb olacaq.  
 
 

İmtina etdiyiniz qidalar hansılardır? 

Mən heç vaxt istiotlu yemək yemirəm. Duzlu yemək yemirəm.  Mən çox az qidalanıram. 
 
Hətta şəhərdə olanda restoranda yemək yeyəndə yarım pay yemək sifariş verirəm. Çünki belə bir deyim var ki, süfrədən doymadan qalxmaq lazımdır. Ona görə də buna diqqət etməyə çalışıram. Daxili orqanlarımız bizi qoruduğu kimi biz də onları qorumalıyıq. Onları gücə salmalı və yararsız vəziyyət gətirməli deyilik. Bu baxımdan da özümüzü çox yeməkdən  saxlamalıyıq. 
 
-Çəkiniz və təzyiqiniz neçədir? 

-Çəkim bir qədər normadan artıqdır, 81 kiloyam.  Təzyiqim isə 120-nin 80-dir. Amma fəsillər dəyişdikdə təzyiqim oynadığı üçün həkimə müraciət edirəm.