Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək - İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO

  • 2019.10.11 15:52
  • 10288 Baxış
Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO


Lağ və gülüş hədəfinə çevrilən "doğan robot” nədir? – 

"İnsan kimi səslər çıxarır, dərisinə də iynə vurmaq olur”


 

Xəbər verdiyimiz kimi, dünən Tibb Universitetində ölkəmizdə ilk dəfə olaraq robot mulyajları – ADAM X HPS robot simulyatoru və SMART MOM avtomatik doğuş stimulyatorlarının təqdimatı keçirilib.  Bu ciddi hadisə sosial şəbəkələrdə daha çox gülüşlə qarşılanıb və müxtəlif şərhlər yazılıb. 

 


Medicina.Az həmin robotlarla bağlı araşdırma aparıb. Məlum olub ki, bir çox inkişaf etmiş ölkələrdə illərdir, bu tip robot texnologiyaları üzərində tibb tələbələri təlimlər keçir. Robotların kişi forması da var və ondan reanimasiya tədbirlərinin tədrisi zamanı istifadə olunur. Robotların canlı insandan fərqi çox azdır, onların tənəffüsü, nəbzi monitorda görülür, artırılır, azaldılır, robot üzərində ağır vəziyyət yaradılır və buna müvafiq olaraq ona yardım olunur. Onların dərisi belə insan dərisi ilə eyni vəziyyətdə yaradıldığından iynə və infuziya etmək mümkün olur. Belə robotların üzərində gələcəyin həkimlərinin təcrübə keçməsi maraqlıdır. Çünki insan üzərində səhv etsələr, bu insanın ölümünə səbəb olar bilər, robot üzərində isə öz səhvlərini görür və düzəldirlər. Azərbaycanda Sovet illərində və hətta müstəqillik dövründə isə köhnədən qalma maketlərdən istifadə olunurdu. Plastmasdan olan bu maket sadəcə səthi göstəriş üçün idi. 

 


 

 


 


İndi ölkəmizə son nəsil tibbi robotların gətirilməsində əsas məqsəd tibb təhsili alan tələbələrin müasir texnologiyalara əsaslanan təhsil və təcrübə sistemini təmin etməkdir. Robotlar olduqca bahalıdır və sayı da azdır. Ona görə də bu texnologiyadan yalnız ən inkişaf etmiş ölkələrdə istifadə edirlər. 


Məsələ ilə bağlı ATU-nun mətbuat katibi Günel Aslanova Medicina.Az-a danışıb: 


"Gəray müəllim ATU-ya rektor təyin edildikdən sonra, treninq mərkəzlərimizdə bir sıra yeniliklər olub. Son dəyişiklik isə belə iki möhtəşəm robotun alınması oldu. Bunlardan biri ADAM X HPS robotu, digəri isə SMART MOM robotudur. SMART MOM adlı robotun üzərində canlı insanlardakı kimi təbii doğuş prosesi aparılır və tələbələr də bunu bilavasitə görmüş olur. 

 


Bizdə tələbələr ancaq birinci kursdan sonra doğuşlarda iştirak edə bilirlər. Amma bu robotlara bütün kurs tələbələri öz müəllimləri ilə gəlib baxa bilərlər. Bu robotdan ürək-damar sisteminin göstəricilərində "ananın” arterial təzyiqini, nəbzini, ürək tonları, müxtəlif ürək patologiyalarını əks etdirən çoxsaylı EKQ-qrammalar klinik ssenarilərin yaradılmasında istifadə olunur. Həmçinin robotda tənəffüs sisteminin göstəricilərindən tənəffüs tezliyi, normal və patoloji tənəffüs küyləri, O2 saturasiyası, kapnometriya kimi parametrləri də izləmək mümkündür. 

 

 




 

Ağrıyan hissələrinə əl vuranda sızıldayır, "ah, uf” reaksiyaları verir


 Adam X HPS mulyajı Danimarka istehsalıdır. Reallıq göstəricilərinə görə son 5-ci nəsil insan simulyatorudur. Bu avadanlıq real xəstənin fiziologiyasını özündə tam əks etdirir. Simsiz fəaliyyət göstərən bu robot insanın real sümük-əzələ strukturuna uyğun hazırlanıb. Və insanın xarici görünüşünü maksimum əks etdirir. Hətta səs çıxarma funksiyası var.

 

Misal üçün onun ağrıyan hissələrinə əl vuranda sızıldayır, "ah,uf” reaksiyaları verir, bir-iki qısa suala cavab belə verə bilir: "yes”, "no” kimi. Sırf ilk tibbi təcili yardım üçün nəzərdə tutulmuş robotdur. Qeyd edim ki, robotun bədəni dəriyə oxşadığı üçün tələbələr ona iynə vura biləcəklər. Həm də robotun nəbzi var. Yəni tam olaraq son texnologiyaları özündə cəmləşdirir”.

 

Universitetin sözçüsü başqa yeni robotların alınması işlər barədə danışıb:

 

"Universitetimizdə bundan əvvəl də robotlarımız var idi. Bizim klinikalarımız nəzdində iki tədris treninq mərkəzimiz fəaliyyət göstərir. Bunlar Tədris cərrahiyyə və Terapevtik mərkəzlərdir. İxtisaslara uyğun olaraq, cərrahiyyədə ilk tibbi yardım robotları var. Bu robotlara süni tənəffüsün verilməsi , ciyərlərin açılması proseslərini tətbiq etmək olurdu.

 

Bundan əlavə qadın mulyajları var idi ki, onlarda tələbələr doğuş prosesini sadəcə görürdülər. Yəni, müəllimlər onlara izah edirdi. Ancaq yeni gətirilən robotlar sırf canlı xəstə kimidir və onların üzərində birbaşa yardım tətbiq etmək olur. Əsasən də treninq mərkəzlərimizdə keyfiyyətli tədris üsulu üçün bir sıra işlər görülür. Lakin hələ ki, bu iki robot alınıb. Bildiyiniz kimi, robotlar çox bahalı texnologiyadır.

 

Onları almaq, gətirmək, onlar üçün xüsusi yer hazırlamaq həqiqətən çox çətin və vaxt aparan proseslərdir. Ona görə də, bu il ərzində başqa robotların alınması nəzərdə tutulmur. Növbəti ildə isə bu kimi işlərin davamı gözlənilir. Həmçinin bizdə hazırda elektron universitetə keçid ərəfəsidir. Elektron kitabxana yaradırıq. Ona görə universitetdə köklü islahatlar gedir və bu hər sahədə öz təsirini göstərəcək”.

 


Mövzu ilə bağlı ASAN radionun araşdırmasında isə  ATU Tədris Terapevtik Kilinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov açıqlama verib.  Həmin Açıqlamanı da təqdim edirik. 



 

 


PŞ: Bu cür vacib bir yeniliyin, innovasiyanın hansısa uğursuz çəkilmiş fotoya görə gülüş, istehza, lağ obyektinə çevrilməsi həqiqətən təəssüf ediləsi haldır. Çox zaman gülüşlük olmayan hadisəyə qəhqəhə çəkməyə düşüklük deyilir.

 

 



 


Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO
Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO
Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO
Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO
Tibb Universitetinin tələbələrinə robotla təlim keçiriləcək -  İnsan kimi doğuş edən robot barədə yeni məlumatlar - VİDEO