Ölkə əhalisinin 5-8 faizi talassemiya daşıyıcısıdır - Talassemiya Mərkəzi

  • 08 May, 2019
  • 5844 Baxış
Ölkə əhalisinin 5-8 faizi talassemiya daşıyıcısıdır - Talassemiya Mərkəzi

"Bu günə kimi keçirilən "Talassemiyasız həyat naminə” regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədilə, ümumilikdə 1700-dən çox şəxsə müvafiq şəhər mərkəzi xəstəxanalarında ödənişsiz tibbi müayinələr həyata keçirilib. Müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində hemoqlobin elektroforezi üsulu ilə müayinədən keçirilib. Müayinələrin nəticəsi olaraq ümumi 23 nəfərdə talassemiya daşıyıcılığı, 5 nəfərdə isə talassemiya xəstəliyinin olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticələri rayon mərkəzi xəstəxanalarına göndərilərək həkimlər və qan nümunələri vermiş şəxslərə bildirilib”.


Medicina.az-ın xəbərinə görə, bu barədə Talassemiya Mərkəzində 8 May Beynəlxalq Talassemiya Günü ilə əlaqədar konfransda deyilib.

Mərkəzin direktoru Valeh Hüseynov bildirib ki, 8 May - Beynəlxalq Talassemiya Günündə mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə düzgün PR və digər maarifləndirmə vasitələri ilə dəstək verməkdir: "Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. Hazırda Mərkəzimizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb”.

Bildirilib ki, müvafiq şöbələrdə fəaliyyət göstərən həkimlər və orta tibbi personal ilə maarrifləndirici söhbətlər aparılıb. Bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-25-də Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş "I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçiriləcək.

Regional simpoziumlar bitdikdən sonra cari ilin sentyabr ayından etibarən Talassemiya Mərkəzində regionlarda talassemiyanın müalicəsi ilə məşğul olan mütəxəssislər üçün əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq treninqlər təşkil olunacaq. Buna paralel olaraq təhsil müəssisələrində və "ASAN Xidmət" mərkəzlərində talassemiyanın qarşısının alınması məqsədilə maarifləndirici seminarlar mütəmadi keçiriləcək.

Mərkəzin Transfuzioloji kabinetinin müdiri Xuraman Cəfərova Mərkəzdə qeydiyyatda olan xəstələr, onlara göstərilən tibbi yardımın mahiyyəti barədə məlumat verərək bildirib ki, aparılan tədqiqatlara görə ölkədə talassemiya daşıyıcılığı 5-8% təşkil edir.