3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir

  • 2019.05.23 09:19
  • 5672 Baxış
 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir
Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyasından əziyyət çəkən 3 mindən çox xəstə qeydiyyatdadır və onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir. Medicina.az-ın məlumatına görə, bunu Milli Oftalmologiya Mərkəzinin (MOM) şöbə müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva deyib. O, əslində bu xəstələrin sayının daha çox olduğunu söyləyib. F.Ağayeva qeyd edib ki, ötən ilin oktyabrından etibarən MOM-da buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb: "Ötən müddətdə 40-a yaxın şəxs üzərində buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb. Əməliyyat üçün lazım olan göz buynuzu transplantı Ümumdünya Göz Bankı ilə imzalanan müqaviləyə əsasən, ölkəmizə ABŞ-dan gətirilir. Əvvəllər bu əməliyyatlar Azərbaycanda aparılmadığından, xəstələrimiz xarici ölkələrə üz tutmağa məcbur olurdular". MOM-un cərrah-transplantoloqu Fərəh Abduləliyeva bildirib ki, transplantasiya əməliyyatı buynuz qişasının xorası, absesi nəticəsində baş verən deşilmə zamanı aparılmalıdır.
Onun sözlərinə görə, əvvəllər belə xəstələr əməliyyat üçün xaricə gedirdilər: "Lakin onların həkim nəzarəti altında olmasına ehtiyac var. Buna görə də onlar tez-tez xaricə getməli olurdular ki, bu da onlar üçün əlavə xərc yaradırdı. Buynuz qişa transplantasiyası aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Sonuncu dəfə ötən həftə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb".

(Trend)