“Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək" - Bakıda kardioloqların 40 illiyi

  • 2019.06.14 13:22
  • 6399 Baxış
 “Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək"  - Bakıda kardioloqların 40 illiyi


Bu gün Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. 


Medicina.az xəbər verir ki, konfransda çıxış edən İnstitutun arterial hipertenziya şöbəsinin rəhbəri, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov  deyib ki, Azərbaycanda ürək qan-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yeri tutur:

 

"Ürək qan-damar xəstəlikləri, ürəyin işemik xəstəlikləri, miokard infarktı ölümlərin 50 faizini təşkil edir. Amma son illərdə bu faiz azalıb. Bunun da səbəbi odur ki, hazırda respublikada kardiologiyanın səviyyəsi elə bir səviyyəyə gəlib çatıb ki, yalnız ürək transplantasiyasından başqa kardiologiya sahəsində olan bütün müalicələr və əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Ürək köçürülməsi də prioritet məsələlərdən biridir. Bu istiqamətdə müzakirələr aparılır. Bununla bağlı qanun qəbul edildikdən sonra inanıram ki, Azərbaycanda da ürək transplantasiyası həyata keçiriləcək".


T.Cahangirov bildirib ki, Azərbaycanda yanaşı xəstəliklər, yəni şəkərli diabet, arterial hipertenziya və digər xəstəliklər miokard infarktının, ürək qan-damar xəstəliklərinin gedişatını ağırlaşdırır: "Ürək qan-damar xəstəliklərinin əsas səbəblərindən biri həyat tərzidir. Yəni az hərəkətlilik, bədən çəkisinin artması, siqaret, müəyyən stress faktorları xəstəliklərin gedişatını ağırlaşdırır. Ona görə də biz kardioloq olaraq daimi tövsiyələr tərtib edirik, əhalini maarifləndiririk ki, nələrə fikir vermək lazımdır. Ürək qan-damar xəstəliklərinin, miokard infarktının olmaması üçün gün ərzində hər bir insan 5-6 km məsafəni qət etməlidir, pəhrizə fikir verməlidir, yağlı qidalardan və imkan daxilində stressdən uzaq olmalıdır. Bütün bunlara və vaxtlı-vaxtında müalicələrə əməl edilsə, ürək qan-damar xəstəliklərindən uzaq olmaq mümkün olar bilər".