Bəlğəmdə qan görünərsə - Nədən şübhələnməli, hara getməli?

  • 2019.10.31 18:24
  • 8289 Baxış
Bəlğəmdə qan görünərsə  - Nədən şübhələnməli, hara getməli?

Qanlı öskürək - bəlğəmdə görünən qan izləridir. Bəlğəmdə qanın bir dəfə görünməsi 90% hallarda kəskin, güclü öskürək nəticəsində kiçik damarların zədələnməsi və orqanizmdə vitamin çatışmamazlığı səbəbindən yarandığına görə təhlükəli sayılmır. Lakin simptom təkrarlanarsa həyəcan siqnalı çalınmalı və kompleks müayinə üçün tibbi müəssisəyə müraciət olunmalıdır. l

 

Medicina.az torakal cərrah Arif Ağayevin  bəlğəmdə qanın hansı ağciyər xəstəliklərinin əlaməti olması barədə açıqlamasını təqdim edir


- Nəfəs borusu və bronxların biopsiya, bronxoskopiya və s.dən sonra travmatik zədələnməsi. Bu halda qanlı öskürək simptom yox, nəticə hesab edilir;

- Kəskin bronxit - qanlı bəlğəmlə yanaşı bədənin temperaturu da yüksəlir;


- Xroniki bronxit - bəlğəmdə qanla yanaşı irin də görünür;

- Pnevmoniya - temperaturun qalxması, döş qəfəsində və kürəkdə ağrılar, boğulma, sanki "paslı" bəlğəmdə görünən qan izləri;


- Ağciyərlərin absesi - uzunmüddətli qızdırma, irinli və qan ləkələri olan bol bəlğəmlə müşayiət edilən öskürək, gecə tərləmələri, ağızdan gələn xarakterik pis qoxu, iştahsızlıq, sinədə ağrılar;


- Vərəm - bədən temperaturunun uzun müddət 37–37,5 olması, iştahsızlıq və çəkinin düşməsi, sağalmayan, irinli, qanlı bəlğəmlə müşayiət edilən öskürək;

- Ağciyər arteriyasının emboliyası - çox vaxt damar xəstəliyi olan və ya hər hansı əməliyyatdan sonra baş verən ağciyər arteriyasının tıxanmasıdır. Bu halda boğulma, kəskin sinə ağrılar, bir neçə saatdan sonra isə qanlı öskürək baş verir.


- Bronxoektaziya - ağciyərlərin anadangəlmə və ya qazanılmış xəstəliyidir. Əlamətləri uzunmüddət davam edən, irinli, qanlı bəğəmlə müşayiət edilən öskürək, təngnəfəslik, zəiflik, arabir temperaturun yüksəlməsi;


- Respirator mukovissidoz - vəzilərin fəaliyyətinin pozulması ilə müşayiət olunan ağciyərlərin irsi xəstəliyidir. Əlamətləri: tez-tez baş verən uzunmüddətli soyuqdəymə, irinli, qanlı bəlğəmli öskürək:


- Ağciyər xərçəngi - onkoloji patologiya. Uzunmüddətli, bəlğəmində qanlı, sapabənzər ləkələri olan öskürək, sinədə ağrı, təngnəfəslik, tərləmənin artması, tədricən çəkinin düşməsi;


- Fiziki yüklənmələr zamanı təngnəfəsliliklə müşayiət edilən qanlı öskürək ürək xəstəliyinin də əlaməti ola bilər;


- Mədə, qida borusu və onikibarmaq bağırsağın bəzi xəstəlikləri zamanı da qanlı qusma yarana bilər. Bu halda qan laxtaları tünd qırmızı rəngdə, qanaxma isə bol olur.


Bəlğəmdə qan olmasının səbəbini dəqiq müəyyənləşdirmək və düzgün müalicə təyin etmək üçün aşağıdakı diaqnostika metodlarından istifadə olunur:


- Bəlğəmin laborator analizi;

- Tərin laborator analizi;

- Qanın ümumi analizi;

- Koaquloqramma;

- Döş qəfəsinin rentgeni;

- Bronxoskopiya;

- Ətraflı kompüter tomoqrafiyası;

- Elektrokardioqrafiya və exokardioqrafiya;

- Fibroezofaqoqastroduodenoskopiya (FEQDS)


Qanlı öskürəyin müalicəsi onun yaranma səbəbindən asılıdır: kəskin və ya xroniki bronxitdə və pnevmaniya zamanı antibiotiklərlə müalicə kursu, vərəmdə vərəm əleyhinə preparatlar, abses və bronxoektatik xəstəlik zamanı cərrahi müdaxilə, xərçəng olan halda isə əməliyyat və başqa müalicələr təyin edilir.