Şam, dərman, yoxsa əməliyyat? – İnsanı utandıran babasilin fəsadları

  • 2019.06.18 18:48
  • 26545 Baxış
Şam, dərman, yoxsa əməliyyat? –  İnsanı utandıran babasilin fəsadları
Xalq arasında babasil kimi tanınan hemarroy xəstəliyi son zamanlarda geniş yayılıb. Əsasən də qadınlarda təbii doğuşdan sonra meydana çıxan bu problem insanın həyat keyfiyyətini aşağı salır. Bir çox hallarda isə bu xəstəlikdən əziyyət çəkən insanlar narahatlıqları barədə söz açmağa və həkimə getməyə utanaraq bu cür yaşamağa davam edirlər.  Bu zaman xəstəlik daha da irəliləyir və ağrı, qanaxma, hərəkət məhdudiyyəti ilə müşahidə edilir. 


Son zamanların geniş yayılan problemlərindən olan babasil xəstəliyi haqda ümumi cərrah, proktoloq Türkan Gündüz bəzi vacib məqamları medicina.az-a bölüşüb.  Babasillə bağlı suallarınıza burda cavab tapa bilərsiniz.

 



-Hansı hallarda babasil xəstəliyi zamanı cərrahi əməliyyata göstəriş olur? 


-Əgər xəstəlik 4-cü dərəcəyə keçibsə, yəni xəstədə ağrı, qanaxma kimi şikayətlər varsa, oturmaqda çətinlik çəkirsə, xəstəlik onun gündəlik həyat fəaliyyətinə mane olarsa, bu zaman xəstə mütləq əməliyyat olunmalıdır.   


 Hər babasil zamanı cərrahi əməliyyat tətbiq edilə bilməz. Bu zaman konservativ yollarla müalicə yaxşı nəticə verir. 

Xəstəlik əgər 1-ci, 2-ci və ya 3-cü mərhələnin başlanğıcında müalicə olunarsa, yəni həkimə vaxtında müraciət edilərsə  o zaman geri qayıda bilər. 

Bant liqasyon üsulu var ki, bu zaman rezin həlqələr vasitəsilə babasilə yerləşdirilir. Bundan sonra xəstə evə göndərilir və gündəlik yaşamına davam edir. Bir neçə gündən sonra həmin həlqələr düşür və xəstə bundan heç xəbər də tutmur. 


Və ya babasil nahiyəsinə təyin edilən xüsusi məlhəmlər var. Bundan əlavə xəstələrə dərman preparatları da təyin edilir. Amma artıq gecikmiş formalarda, yəni 4-cü dərəcəli babasildə və xarici babasildə şiddətli qanaxma, ağrı olduqda xəstə əməliyyat edilir. 

 



-Babasil probleminə ən çox kimlərdə rat gəlinir? 


-Təbii doğuş ilə əlaqədar demək olar ki, qadınların əksəriyyətində babasil problemi yaranır. Doğuşdan sonra təkcə babasil problemi deyil, həm də sidik kisəsinin, uşaqlığın, bağırsağın  sallanması, yırtıqlar meydana gəlir. Lakin bir sıra mental dəyərlərə görə və ya utandıqları üçün onlar bu problemi gizli saxlayır, kiminləsə bölüşməkdən çəkinirlər. Amma son zamanlar qadınlar artıq bu komplekslərdən nisbətən azad olmağa başlayıbar. Bu isə sevindirci haldır. 


Həmçinin babasil probleminə uşaqlarda da rast gəlinir. Onlarda daha çox xarıcı babasil müşahidə edilir. Səbəbi isə uzun müddət qarşokda oturmaq, qəbizlik və ya tualet alışqanlığının düzgün olmamasıdır. Uşağın qəbizliyinin səbəb araşdırılmadan uzun müddət tualetdə oturursa və çətinliklə bayıra çıxarsa, o zaman babasil yarana bilər. Belə olduqda valideynlərin və baxca tərbiyəçilərinin üzərinə çox böyük məsuliyyət düşür. Həmçinin də uşaqların qidalanmalarına da ciddi nəzarət edilməlidir.

 

Əgər uşağın qidalanması və tualet alışqanlığı normaldırsa, amma buna baxmayaraq yenə də uşaqda qəbizlik yaranırsa, bu zaman həkimə müraciət etmək lazımdır. Təəssüflər olsun ki, uşaqlar quru qidalar, çips və kreker kimi hazır qidaları çox sevirlər və suyu az içirlər. Bu isə qəbizliyin və bunlar babasili yaranmasının birbaşa səbəbidir. Bu isə gələcəkdə babasildən başqa hətta düz bağırsaq xərçənginə də yol aça bilər. Buna görə də uşaqlarda yaranan bu problemləri vaxtında aradan qaldırmaq lazımdır. 


-Babasil xəstəliyi gələcəkdə düz bağırsaq xərçənginə səbəb olurmu? 


-Babasil xəstəliyi 100-də 99% xərçəngə yol açmır. Bu ehtimal 1%-ə barabərdir. Xəstəlik ağırlaşarsa və bu xəstəliklə yanaşı toxumalarda bədxassəli törəmə yaranarsa xərçəng meydana çıxa bilər. Mən praktikamda da belə bir halla rastlaşmamışam. Daha əvəllər kolonoskopiya müayinəsi yox idi. Həkimlər hər hansı çıxıntını və ya törəməni babasilə oxşadaraq əməliyyat edirdilər. Daha sonradan isə bu çıxıntının babasil, yox bağırsağın hər hansı bir bədxassəli törəməsi olduğu məlum olurdu. Bu isə sonradan xərçəng xəstəliyinin inkişafına gətirib çıxarırdı.

 

Buna görə də xəstə əməliyyata alınmazdan əvvəl ilk öncə kolonoskopiya müayinəsindən keçməlidir. Bu zaman bağısağın içində olan törəmə aşkarlanır. Amma təcrübəli həkimlər hətta barmaq müayinəsi ilə babasili törəmədən fərqləndirirlər. Lakin daha dəqiq daqnoz üçün koloskopiya şərtdir.


-Vaxtında müalicə ediməyən babasil insanı öldürə bilərmi?


-Hələ ki, dünya statistikasında belə bir hala rastlanmayıb. Amma bir çox hallarda bağırsaqda gizli qanaxmalar olur ki, nəticədə qan nəcisə qarşıdığından xəstə qanaxması olduğunu hiss etmir. Bu hal uzun müddət davam etdikdə xroniki anemiya yaranır ki, bu zaman insanda halsızlıq, başgicəllənmə müşahidə edilir.  Buna görə də, sadalanan əlamətlər olduqda həmin şəxs yaxşı olardı ki, nəcisdə gizli qan testi analizi versin.

 

Beləliklə də halsızlığın səbəbini aydınlaşdırmaq və aradan qaldırmaq mümkün olur. Ölüm halı yalnız qan laxtalanmasında problem olan və ya qan durulaşdırıcı dərmanlar qəbul edən xəstələrdə  babasil əməliyyatı zamanı qanaxma nəticəsində meydana  gələ bilər. Buna görə də bu cür xəstələrə minimal invaziv, yəni qansız əməliyyatlar tövsiyə olunur. 


-Azərbaycanda bu xəstəlik nə dərəcədə geniş yayılıb? 


-Azərbaycan əhalisi arasında mədə-bağırsaq xəstəlikləri və buna bağlı olaraq babasil xəstəliyi çox yayılıb. Səbəbi isə düzgün qidalanmamaq və az hərəkətli həyat tərzi keçirməkdir. İndi hər kəs avtomobildən istifadə edir, çox az hərəkətdə olurlar. Hətta ev xanımları da ev işlərini oturaraq həyata keçirirlər. İnsanlar duru yeməklərdən az istifadə edir və az su içirlər. 


Babasil problemi həm də irsi olaraq da ötürülür. Bu xəstəlik 80% hallarda ata nəslindən ötürülür. Məsələn  şəxsin atası, bibiləri və ya əmiləri babasildən əziyyət çəkirsə, o zaman həmin şəxsin də 80% halda babasilə yoluxacağını söyləmək olar.   Buna görə də nəslində, əsasən də ata tərəfdən babasildən əziyyət çəkən insan sağlamlığına daha çox diqqət yetirməli və vaxtaşırı olaraq müayinə olunmalıdır. 

 

ARZU

Medicina.az 

 


 


Şam, dərman, yoxsa əməliyyat? –  İnsanı utandıran babasilin fəsadları
Şam, dərman, yoxsa əməliyyat? –  İnsanı utandıran babasilin fəsadları