Şəkərli diabetdə ayaq ağrısı – Səbəblər, müalicə, qanqrenadan xilas

  • 2019.07.24 19:24
  • 23304 Baxış
Şəkərli diabetdə ayaq ağrısı –  Səbəblər, müalicə, qanqrenadan xilas
Diabet xəstələrində ayaq ağrısı, yanma hissi, ayaqlarda qan dövranı və sinir keçiriciliyinin pozulması ilə yaranan diabet fəsadlaşmasıdır. Diabet xəstələrində ayaqda ağrı, ağırlıq, hissiyatsızlıq, sağalmayan yara sanki adi hala çevrilib. Bir çox xəstələr bununla barışır, bir çoxları isə gələcəkdə əlil qala biləcəyini gözə alaraq, vaxtında tədbir görür.


Medicina.az diabetik pəncə sindromu, şəkərdən ayaq ağrılarının səbəbləri, müalicəsi metodlarını təqdim edir.


5 illik diabet xəstəliyindən sonra artıq ayaqlarda narahatlıqlar: iynəbatırma, keyimə, yanma, gecələr ağrı, göynəmə hissi başlayır. Aşağı ətraflar ya çox isti olur, ya da əksinə çox soyuq. Bu qan dövranı pozğunluğundan irəli gəlir.


Ayaqlarda hissiyat öldükcə xəstə zədə, travma, yara, suluq, xora ağrısı hiss etmir, hətta ayağı harasa toxunub yansa belə hiss etmir. Daxildəki proseslərə daban sümük strukturunun dəyişməsi, deformasiyalar da qoşulur, amma xəstə bunlara da məhəl qoymur. 


Ayaqlarda bu problemlərdən biri belə özünü göstərdisə, mütləq həkimə getmək, müayinə və müalicələrə başlamaq lazımdır.


Hara getməli?


İlk növbədə endokrinoloqa gedib problemi demək, lazım gələrsə göndərişlə yerli xəstəxanada cərrah, fleboloq və xüsusi podiatrlar – diabetik ayaq sindromu ilə məşğul olan yara həkimlərinə müraciət etməlidir. 

Onlar ayaqları dopller edib, damarları yoxlayıb, sinir hissiyatını ölçəcək, sümüklər rentgen olunacaq və müvafiq analizlər alacaq.


Diabetik nevropatiya nədir?


Bu xəstəlik şəkərli xəstələrdə ən çoxyayılmış əlavə fəsaddır. Periferik sinirlərin zədələnməsi bədənin müxtəıif yerlərində, ən çox qol və ayaqlarda olur. Bu o deməkdir ki, yüksək şəkər sinir uclarını zədələyib, hissiyatını azaldıb və sinirlər artıq əvvəlki kimi düzgün funksiya göstərmir. 


Diabetik nevropatiyanın sonu qanqrena, amputasiya ola bilər. Belə ki, son illərə qədər bu səbəbdən ayağı kəsilən xəstələrin sayı az deyildi. Burda xəstə və ailəsi diqqətli olmalı, xəstəliyi özbaşına qoymamalı və irəli gedib, yara, xora, qanqrenaya səbəb olmasına yol verməməlidir. 


Bu xəstəlikdə konkret müalicə yoxdur və artıq heç nə sinirlərin keçiriciliyini bərpa etməyəcək. Əsas hədəf qanda şəkərin yüksəlməsinə qarşı tədbirlər görməkdir. Endokrinoloq və cərrahın müntəzəm müşahidəsi bu xəstələr üçün vacibdir. 


Dərman müalicəsinə ağrını, göynəməni azaldan dərmanlar, qan dövranını bərpa edən preparatlar aiddir. 

Xəstə bol su içməli, yaxşı qidalanmalı, gəzməli, aktiv həyat keçirməlidir. Qan dövranına maksimum oksigen daxil olmalıdır. Əgər ayaq toxumaları oksigen və lazımi maddələrlə qidalanarsa, yara da tez sağalır, qanqrena da olmur. 


Qidaya əlavə olaraq D, B 12, C vitamini, askorbin turşusu təyin edilir. 

Diabetli xəstə alkoqol qəbul edib, siqaret çəkirsə onda diabetik pəncə və nevropatiya sürətlə ağırlaşır, damarlar tıxanır. Ona görə bu xəstələr siqaretdən imtina etməlidir.

Eləcə də düzgün təyin edilmiş fizioterapiya, iynəbatırma, masaj, müalicəvi vannalar da həkim təyinatı ilə tətbiq edilə bilər.

 


 


Daban və barmaqların arasına diqqət


Diabetli xəstələr ayaqlarının təmizliyinə, dərisinin yumşaqlığna əməl etməli, ayaqları yuyandan sonra yanında heç kim olmadıqda güzgü vasitəsilə dabana, pəncəyə, barmaqların arasına baxmalıdır.


Onlarda barmaqların arasında rütubət, göbələk, ayaqqabıdan döyənək yolverilməzdir.

Dırnaqlarını dibdən kəsməməlidirlər.


Əgər göbələk, döyənək, qabarcıq, çat yaranarsa, özbaşına maz, krem çəkib, öz-özünə keçəcəyini gözləmək böyük səhvdir. 

Diabetli xəstələr xüsusi ortopedik ayaqqabılar, başmaqlar, hava keçirən gen, rezinsiz corablar geyinməlidir.


Ayaqları 72%-li sabunla yuyub, qurudub, təmiz aptek vazelini çəkmək lazımdır.

Barmaqda, dabanda cüzi qaraltı, yara, nekroz, qızartı, şişkinlik görən kimi təcili həkimə getmək lazımdır.

 


Şəkərli diabetdə ayaq ağrısı –  Səbəblər, müalicə, qanqrenadan xilas
Şəkərli diabetdə ayaq ağrısı –  Səbəblər, müalicə, qanqrenadan xilas
Şəkərli diabetdə ayaq ağrısı –  Səbəblər, müalicə, qanqrenadan xilas