Payızda uşaqlar arasında ən çox yayılan xəstəliklər - PEDİATR AÇIQLADI

  • 04 Oktyabr, 2019
  • 1361 Baxış
Payızda uşaqlar arasında ən çox yayılan xəstəliklər  - PEDİATR AÇIQLADI
Mövsüm dəyişən zaman uşaqlarda bir sıra narahatlıqlar yaranır. Belə ki, isti hava şəraitindən sonra havaların getdikcə soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyalarının yayılmasına şərait yaradır. 

Məsələ ilə bağlı Medicina.Az-a açıqlama verən pediatr Arzu Şahbazova payız fəslində uşaqlarda rast gəlinən xəstəliklərdən danışıb. Onun sözlərinə görə, payız fəslində havalar dəyişdiyi üçün viruslar da aktivləşir:

"Bəzi xəstəliklərə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. Adətən valideynlər uşaqların müxtəlif xəstəliklərinə görə müraciət edirlər. Lakin payızda uşaqlarda daha çox qusma ilə başlayan viruslar özünü göstərir. Bu viruslar zamanı körpələrdə iki-üç gün davam edən qızdırma və yüngül ishal halları baş verir. Bundan başqa tənəffüs yolları xəstəlikləri, zökəm, xüsusliə, öskürək və s. ilə müraciətlər də çoxdur”.

"Valideynlər uşaqlarda narahatlıq(qızdırma, öskürək, halsızlıq və s.) aşkarlayan zaman gecikmədən həkimə müraciət etməlidir”- deyə, pediatr qeyd edib.
 
"Bəzən ilkin mərhələdə onlar özləri müəyyən vasitələrlə bu narahatlığı aradan qaldırmağa çalışır. Ola bilər ki, uşağın narahatlığı hansısa ciddi xəstəliyin və ya mövsümü virusların ilkin mərhələsidir. Valideynlər bunun qarşısını müəyyən müddətlik ala bilər. Lakin bu, doğru deyil. Çünki ilkin narahatlıq hər hansı ciddi xəstəliyin başlanğıcı da ola bilər. Müəyyən müddətdə valideyn bunun qarşısını ala bilər , ancaq xəstəlik yenidən baş qaldıra bilər. Belə halların yaşanmaması üçün yaxşı olar ki, zamanında pediatra müraciət olunsun”.
 
Pediatr bildirdi ki, uşaqların xəstələnməməsi üçün doğru qidalanma ən vacib faktorlardan biridir. Valideynlər övladlarını vitaminlərlə zəngin keyfiyyətli qida ilə qidalandırmağa fikir verməlidirlər. Həmçinin onları soyuqdan qorumaq lazımdır.