İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı

  • 2024.04.22 17:30
  • 651 Baxış
İnfarktın qulaqda üzə çıxan əlaməti –  Həkim açıqladı
Kardioloq, Prof. Dr. Kevser Gülcihan Balcı bəzi insanların qulağında rast gəlinən cizginin ürək-damar xəstəliklərinin əlaməti ola biləcəyini açıqlayıb.

Medicina.az xəbər verir ki, Bilkent Şəhər Xəstəxanasının kardioloqu Prof. Dr. Kevser Gülcihan Balcı qulaq məməsindəki "Frank xətti" adlanan diaqonal cizginin ürək-damar xəstəlikləri riskinə işarə edə biləcəyinə diqqət çəkib.

“Bu xətt qulaq məməsində adətən diaqonal 45 dərəcə bucaq altında olur və adı 1973-cü ildə bu nəzəriyyəni inkişaf etdirən Sanders T.Frankın şərəfinə qoyulub. Ürək tomoqrafiyası, EKQ kimi üsulların yetərincə inkişaf etmədiyi dövrdə bəzi fiziki dəyişikliklərə baxılaraq ürək xəstəlikləri təsbit edilirdi. Bunlardan biri də “Frank xətti” idi. Ola bilsin ki, gündəlik həyatımızda bu xətt diqqətimizi çəkmir, amma keçmişdə bununla bağlı araşdırmalar aparılıb. Bəzi tədqiqatlar “Frank xətti”nə sahib insanlarda ürək-damar xəstəlikləri və insult riskinin daha yüksək olduğunu göstərib”, - deyə kardioloq qeyd edib.

Onun sözlərinə görə, “Frank xətti” ilə bağlı nəzəriyyə ondan ibarətdir ki, qulaq dibinin struktur bütövlüyünü təşkil edən toxumalar aorta və ürək qapaqları ilə oxşar quruluşdadır:

“Buna görə də qulaq məməsindəki deformasiyanın əslində ürək toxumalarındakı problemin göstəricisi ola biləcəyi ifadə edilir. Ancaq bununla bağlı dəqiq elmi əlaqə qurulmayıb”.

Xəstələrin tək fiziki göstəriciyə görə deyil, digər müşayiət olunan simptomlar nəzərə alınaraq qiymətləndirildiyinə işarə edən Balcı sözlərinə belə davam edib:

“Yəni, bu xəttin mövcudluğu tək başına narahatlıq doğurmamalıdır. Yoxluğu isə rahatlıq səbəbi kimi qəbul edilməməlidir. Ürək-damar xəstəlikləri riskini qiymətləndirərkən biz bir çox amili nəzərə alırıq. Bunların başında hipertoniya, şəkərli diabet, siqaret çəkmə, birinci dərəcəli qohumlarda erkən yaşlarda baş verən ürək-damar xəstəlikləri, xolesterin, irəli yaş və aktiv həyat tərzi keçirməmək daxildir. Ona görə də sadəcə qulaq məməsindəki xətt insanda ürək-damar xəstəliyinin olub-olmadığını dəqiq göstərə bilməz. Bu cür xəttə sahib olanlar təlaşlanmadan öncə mütəxəssis həkimə müraciət etsinlər”.


Aysel