Robot qol hazırlandı: reanimasiyada yatan xəstələrin əllərini tutacaq

  • 2024.04.22 13:33
  • 351 Baxış
Robot qol hazırlandı: reanimasiyada yatan xəstələrin əllərini tutacaq
Ərzurum Atatürk Universitetinin alimləri huşu özündə olmayan xəstələrə, xüsusən də xəstəxananın reanimasiya şöbələrində müalicə olunanlar üçün əl formalı cihaz hazırlayıb.

Medicina.az xəbər verir ki, Atatürk Universitetindən Dos. Dr. Bahar Çiftçi, Prof. Dr. Gülçin Avşar və Dos. Dr. Arzu Sarıalioğlu, eləcə də Mühəndislik Fakültəsindən Dr. Ahmet Coşkunçayın dəstəyi ilə 1 illik işin bəhrəsi olaraq ərsəyə gətirilən “əl” "Terapevtik Toxunma" cihazı adlandırılıb.

Onun reanimasiya xəstələrinin müalicə prosesinə kömək edəcəyi bildirilir.

Universitetin Elmi Tədqiqat Layihələri Koordinasiya Bölməsi (BAP) tərəfindən dəstəklənən və ATA Teknokent-də inkişaf etdirilən cihaz haqqında xəstəxanaların reanimasiya şöbələrində çalışan tibb bacılarından da müsbət rəylər alınıb.

Yaxınlarından uzaqda olan xəstələrdə müsbət təsir yaratmaq üçün hazırlanan cihaza musiqi və ya arzu olunan səslər də əlavə edilə bilir. Yatan xəstənin “əlini tutan” cihaz vaxtaşırı sıxma refleksləri həyata keçirir.

Cihazın ideyası COVID-19 dövründə yaranıb. Dos. Dr. Çiftçi bildirib ki, koronavirus səbəbilə məhdudlaşdırma tədbirləri zamanı bu fikir ərsəyə gəlib.

Xüsusilə pandemiya dövründə xəstə yaxınlarının yoluxma ehtimalı kimi səbəblərdən xəstələrini ziyarət edə bilmədiklərini ifadə edən Çiftçi, “Uzaqda olan insanların yaxınlarına kömək etməyi hədəflədik bu cihazı inkişaf etdirdik. Xüsusilə xaricdə yaşayanlar xəstələrinin yanına gələ bilmirlər və bu psixoloji cəhətdən pis təsir edir. Bu cihaz uzun müddət reanimasiyada yatan xəstəyə sanki yaxınları yanındaymış kimi hiss verərək sağalma prosesini sürətləndirə bilər”.

Musiqi və toxunmanın reanimasiya xəstələrinin müalicə prosesinə töhfə verdiyini elmi araşdırmaların da sübut etdiyini xatırladan Çiftçi bu cihazda hər iki üsulun birləşdirildiyini qeyd edib.

Cihazın xüsusi materialdan hazırlandığını vurğulayan Çiftçi onun əlin içərisinə istilik hissi verdiyini də diqqətə çatdırıb.

Cihazın xəstələrə təsiri ilə bağlı elmi işlərə də start verilib.

"Elmi araşdırma mərhələsinə keçmişik. Cihazın xəstələrin həyati əlamətlərinə təsirlərini müşahidə edəcəyik”, - deyə Çiftçi qeyd edib.


Aysel