Millət vəkili, Səhiyyə Komitəsinin üzvü, kardiocərrah Rəşad Mahmudov əməliyyat zamanı keçirdiyi çətin anlarını bölüşüb.
Medicina.az -ın məlumatına görə, bu barədə paylaşım edən R.Mahmudov bildirib ki, həkimlər hər an həyatla ölüm arasında qərar verən şəxslərdir və onlar onsuzda hər zaman yüksək təzyiq altında işləyirlər:
"Əziz dostlar, dəyərli həmvətənlər,
Hal-hazırda gecə saat 4 radələridir. Bir tərəfdən xəstəxanada yatan xəstələrin vəziyyətini öyrənmək üçün reanimasiya həkimləri ilə əlaqə saxlayıram, digər tərəfdən isə bu gün baş verən üzücü hadisənin təsiri altındayam. Bu gün xəstəxanaların birində xəstənin əlindəki partlayıcı maddə ilə həm özünə, həm də həkimlərə zərər vermə hadisəsi baş verdi. Bu vəziyyətin təsiri altında, dünən çox çətin bir kliniki vəziyyətdə qeydə alınan videonu və bu yazını paylaşmağı özümə borc bildim.
Bu paylaşımın məqsədi yalnız bu gün yaşadığımız çətinlikləri anlatmaq deyil, həm də həkimlərin və tibb işçilərinin nə qədər böyük məsuliyyətlə və yüksək stress altında çalışdıqlarını başa düşməyinizə kömək etməkdir. Bilənlər bilər; koronar arter xəstəliyi, aşağı EF, səyirici aritmiya, perop TEE də sol qulaqcıqda hərəkətli tromb, perikard açılınca porselen aorta və intramiyokardial LAD aşkar edilən kliniki vəziyyət...
Bizlər, həkimlər olaraq, hər zaman öz vəzifəmizə sadiq qalaraq, xəstələrimizə ən yaxşı şəkildə qulluq etmək üçün, onlar üçün ən çətin və məsuliyyətli qərarlar verməyə çalışırıq. Amma unutmayın ki, bu peşə həm də ciddi təhlükələr və zərər riskləri ilə üzləşir.
Sizlərə bildirmək istəyirəm ki, bu yazını paylaşmaqda məqsədim nə əməliyyatın detalları haqqında məlumat vermək, nə də bir xəstəxananın işini reklam etməkdir. Mən sadəcə olaraq, həkimlərin çətin anlarda verdikləri qərarları, məsuliyyətlərini və bu peşənin gətirdiyi stressi sizə göstərmək istəyirəm. Həkimlər, hər an həyatla ölüm arasında qərar verən şəxslərdir və onlar onsuzda hər zaman yüksək təzyiq altında işləyirlər. Bizim həkimlik sənətinə olan münasibətimiz və dəstəyimiz bu sahənin inkişafı üçün çox vacibdir".
Cərrah əlavə edib ki, belə çətin vəziyyətlərdə, özəl və ictimai sektorda fəaliyyət göstərən həkimlərə qarşı cəmiyyətin münasibətinin dəyişməsini ürəkdən arzulayır:
"Yalnız bu halda, gənclərimiz ürəklə bu peşəni seçəcək və ölkəmizdə başlayan islahatlar ilə sağlam səhiyyə sisteminin inkişafına töhfə verəcəklər. Yoxsa, əmin olun ki, işimiz çətin olacaq".
Daha ətraflı videoda:
Aygün
Medicina.az