Uşaqların qəfil tutulduğu və həyati təhlükə yaradan nadir xəstəliklərdən biri də çoxlarının adını ilk dəfə eşidəcəyi HÜS sindromudur.
Bu xəstəlik böyrəklərdəki xırda damarların infeksiyadan iltihablanaraq tutulmasına və nəticədə böyrəklərin cəmi 3 gün ərzində sıradan çıxmasına səbəb olur.
“Medicina” xəbər verir ki, HÜS sindromunu adətən toksin hasil edən E.coli O157 bakteriyası yaradır. Bu bakteriya qanlı ishala səbəb olur və həm qidadan, həm də insandan insana keçə bilir.
Belə ağır sindrom Bakıda 5 yaşlı Əli Süleymanidə aşkarlanıb. Ad günündən bir gün sonra uşağın vəziyyəti qəfil pisləşib – qızdırma, qusma və qanlı ishal başlayıb. Dövlət xəstəxanasında aparılan analizlər HÜS sindromunu təsdiqləyib. Ardınca vəziyyəti ağırlaşan uşaq özəl klinikaya – Bona Dea Hospitala köçürülüb və dializə qoşulub. Lakin bir müddət sonra komaya düşüb.
Əlinin anası Mülayim Süleymanlı Medicina.az-a açıqlamasında bildirib:
“Uşağımı 5 illik həsrətdən sonra dünyaya gətirmişəm. Tam sağlam idi. Ad gününü qeyd etdik, səhəri halı qəfil dəyişdi. Qusdu, qızdırması qalxdı, qanlı nəcis oldu. Analizlər göstərdi ki, infeksiya ətdən düşüb, böyrəkləri sıradan çıxır. Təcili Bona Dea Hospitala apardıq, 23 gün müalicə aldı. Artıq ciyərləri dözmədi, komaya düşdü. Hazırda evdə aparatda komadadır. Həkimlər əlacsız qaldı, sadəcə evdə qulluq edirik. Müalicə və baxım çox bahadır, amma övladımı itirmək istəmirəm”.
Ailənin sözlərinə görə, ad günü süfrəsində toyuq, salat, aş və ət yeməkləri olub. Ehtimal olunur ki, infeksiya məhz ətdən keçib.
HÜS sindromunun əsas əlamətləri:
• Qanlı ishal
• Qusma
• Güclü qarın ağrıları
• Huşun azalması
• Sidiyin kəsilməsi
• Qarnın şişməsi
• Dodaq və ağız ətrafında göyərmə
HÜS sindromu çox nadir hallarda rast gəlinir, lakin Azərbaycanda da belə uşaqlar müşahidə olunur. Xüsusilə immuniteti zəif, genetik meyilli uşaqlar bu xəstəliyə daha həssasdır.
Hazırda 5 yaşlı Əlinin həyatı xilas edilmək üçün mübarizə gedir. Onun müalicəsi və sağalması üçün ailə maddi dəstəyə ehtiyac duyur.
Kart hesabı: 4169 7388 0375 3718
Kart sahibi: Elnur Süleymani
medicina.az
Aygün Musayeva