Çörək, xüsusən ağ çörək yuxululuğa səbəb olan qidalar siyahısındadır.
Medicina.az xəbər verir ki, endokrinoloq Natalya Tananakina karbohidratlar, triptofan və maqneziumla zəngin qidalar qəbul etdikdən sonra yuxululuq yarana biləcəyini deyib.
Çörək karbohidratlı qidadır. Nəinki çörək, un məmulatları yedikdən sonra qan şəkəri səviyyəsində kəskin dalğalanmalar baş verir, sıçrayışlar və düşmələr olur. Bu sürətli dəyişikliklər yuxululuq hissinə səbəb olur:
"Karbohidratların miqdarını normada qəbul etmək enerjini qorumaq üçün faydalı ola bilər, lakin çox miqdarda qəbul etmək yeməkdən sonra yuxululuğa səbəb ola bilər".
Çörəkdən başqa karbohidratlarla zəngin qidalardan danışarkən, mütəxəssis şirniyyatları, bişmiş məhsulları, bir çox makaronları, kartofu və ağ düyünü sadaladı.
Triptofana gəldikdə isə, bu amin turşusu olan qidalar da yuxululuğa səbəb ola bilər. Onların qəbulu serotonin səviyyəsini artırır ki, bu da əhval-ruhiyyəyə və yuxuya müsbət təsir göstərir, rahatlamağa kömək edir. Beləliklə, kəsmik, hinduşka və ya süd yedikdən sonra yuxululuq hissi yarana bilər.
Həmçinin, maqnezium tərkibli qidalar yedikdən sonra güclü yatmaq istəyi yarana bilər ki, bu da yuxu və rahatlama proseslərinin tənzimlənməsinə təsir göstərir. Məsələn, banan və ya bəzi qoz-fındıq yedikdən sonra. Eyni zamanda, həkim xəbərdarlıq etdi ki, bədənin qidalara qarşı reaksiyaları fərdi xüsusiyyətlərdən asılı olaraq çox dəyişir.
Aygün Musayeva