Həm çox, həm də az tərləmə təhlükə siqnalıdır

  • 2026.07.09 16:32
  • 207 Baxış
Həm çox, həm də az tərləmə  təhlükə siqnalıdır

Yay aylarında artan istilərlə birlikdə tərləmə orqanizmin təbii istilik tənzimləmə mexanizmi kimi ön plana çıxır. Lakin ümumiyyətlə tərləməmək və ya həddindən artıq tərləmək bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər isti havalarda kifayət qədər maye qəbuluna və orqanizmin verdiyi siqnallara diqqət yetirməyi tövsiyə edirlər.

Havanın temperaturu yüksəldikcə tərləmə miqdarında baş verən dəyişikliklər sağlamlıq baxımından mühüm ipucları verə bilər.

Normal tərləmə orqanizmin toksinləri xaric etməsinə və bədənin optimal temperaturunu qorumasına kömək edir. Lakin həddindən artıq və ya kifayət qədər tərləməmək bəzi sağlamlıq risklərinə səbəb ola bilər. Xüsusilə yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün diqqətli olmaq, orqanizmin tarazlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər bildirirlər ki, həddindən artıq tərləmə orqanizmdə maye və mineral itkisinə səbəb olaraq qan təzyiqinin düşməsi, başgicəllənmə, halsızlıq, yorğunluq və huşun itirilməsi riskini artırır. Az tərləmə və ya ümumiyyətlə tərləməmək isə bədənin istiliyini tənzimləməsini çətinləşdirir, həddindən artıq qızmaya və günvurmaya səbəb ola bilər.

Xanım,
Medicina.az