Məşhur transplantoloq, cərrah Nuru Bayramovun - 60 illik yubileyidir

  • 2023.09.18 15:32
  • 1663 Baxış
Məşhur transplantoloq, cərrah Nuru Bayramovun   - 60 illik yubileyidir
Tibb elmləri üzrə tanınmış alim, cərrah, transplantoloq, hepatoloq, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun 60 yaşı tamam olub.

"Medicina" xəbər verir ki, O, 17 sentyabr 1963-cü ildə Qərbi Azərbaycan Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

1980-ci ildə N.Nərimanov adına Azərbəycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə daxil olub, 1986-cı ildə oranı “Lenin adına təqaüdçü” və “Cərrahiyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.


1991-ci ildə Moskva Tibb Akademiyasında “Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi və 1999-cu ildə “Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası’’ mövzusunda dissertasiyasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını alıb. Elmi və elmi-pedaqoji fəaliyyətində əldə etdiyi mühüm nailiyyətlər nəzərə alınaraq 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.


Nuru Bayramov 1991-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasında assistent, dosent və professor vəzifələrində çalışıb. 2012-ci ildən həmin kafedranın müdiridir.


1996-1998-ci illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale universitetlərinin Ümumi cərrahiyyə kafedralarında dosent-doktor kimi kafedra müdiri vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.


Professor Nuru Bayramov lazerlərin cərrahiyyədə tətbiqi, təcili və hərbi səhra cərrahiyyəsi üzrə tədqiqat işləri aparıb. Alimin əsas elmi istiqamətini qaraciyər cərrahiyyəsi və orqan transplantasiyası, laparoskopik cərrahiyyə, bariatrik-metabolik cərrahiyyə, eləcə də kök hüceyrələri, genetik biomar­kerlər, elastoqrafiya üzrə aparılan tədqiqatlar təşkil edir.



2015-2016-cı illərdə ATU Cərrahi Klinikasının direktor əvəzi vəzifəsində işləyib. Həmçinin 2016-2019-cu illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini olmuşdur və hazırda bölmənin Elmi şurasının sədrinin müavi­nidir.



2014-2021-ci illərdə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb üzrə Əlaqələndirmə Şurasının sədri, 2013-2019-cü illlərdə ATU-nun Cərrahiyyə üzrə Problem Komissiyasının sədri, 2006-2014-cü illərdə D.03.011 Dissertasiya Şurasının üzvü olub, 2006-cı ildən I müalicə-profilaktika fakültəsinin və ATU-nun Elmi şurasının üzvüdür.


Professor Nuru Bayramov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin də üzvüdür.



1994-cü ildə Tərtərdə Hərbi Səhra Hospitalında cərrah kimi xidmət göstərmişdir. 2020-ci ildə Vətən müahraibəsi dövründə ATU TCK, Mərkəzi DTX və Mərkəzi Gömrük hospitallarında yaralılara cərrahi yardımın təşkilində aktiv fəaliyyət göstərmişdir.

AMEA-nın müxbir üzvü Nuru Bayramov 2010-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2022-ci ildə Azərbaycan Gömrük Komitəsinin 30 illik yubiley medalı ilə təltif edilmişdir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Medicina.az yubilyar alimi təbrik edir!.