Azərbaycanda hemofiliyalı xəstələrin laxtalanma faktoruna olan tələbatı ödənilmir - SƏBƏB

  • 02 Oktyabr, 2019
  • 820 Baxış
Azərbaycanda hemofiliyalı xəstələrin laxtalanma faktoruna olan tələbatı ödənilmir - SƏBƏB
Azərbaycanda hemofiliyalı xəstələr üçün ayrılan laxtalanma faktorunun həcminin beynəlxalq vahidlə artırılması lazımdır.

Bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, dünyada hemofiliyalı xəstələr üçün laxtalanma preparatlarının həcmi ölkənin nüfuz göstəricisinə əsasən, yəni ümumi əhalinin sayına görə adambaşına düşən preparatların həcmi ilə müəyyən edilir.

G.Hüseynova bildirib ki, Ümumdünya Səhiyyə Təşklatının tövsiyəsinə görə, ölkələr üçün hemofiliyalı xəstələrə müəyyən edilən laxtalanma faktoruna minimal tələbat həcmi 4 vahid olmalıdır. Azərbaycanda isə bu göstərici 2 beynəlxalq vahiddir. Buna görə də ölkədəki hemofiliyalı xəstələrin laxtalanma faktoruna olan tələbatının yarısı ödənilir:

"Azərbaycan əhalisinin sayı 10 milyon nəfər olduğuna görə hemofiliyalı xəstələr üçün 40 milyon vahid laxtalanma faktoru alınmalıdır. Amma hazırda xəstələr üçün təxminən 20 milyon beynəlxalq vahid laxtalanma faktoru alınır ki, bu da minimal tələbat həcminin yarısıdır. Buna görə də hemofiliyalı xəstələr üçün ayrılan preparatlar onlara yetərincə kifayət etmir”.

G.Hüseynova qeyd edilən məsələ ilə əlaqədar artıq Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini söyləyib.

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.