Şokolad bir çoxları üçün sevimli bir ləzzət olsa da, bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.
Bəs şokolad allergiyasının simptomları nədir və hansı tədbirlər görülə bilər?
Medicina.az xəbər verir ki, şokolad uşaqlardan böyüklərə qədər hər yaşdan insanlar tərəfindən sevilən bir ləzzətdir. Lakin bu ləzzət bəzi insanlar üçün təhlükəli bir allergen və ya dözümsüzlük tetikləyicisi ola bilər.
ŞOKOLAD ALLERGİYASININ ƏLAMƏTLƏRİ
Şokolad allergiyası ümumiyyətlə şokolad istehlak etdikdən qısa müddət sonra özünü göstərir. Allergik reaksiyalara şokoladdakı kakao, eləcə də süd tozu, fındıq, yerfındığı, soya və buğda kimi digər allergenlər səbəb ola bilər. Allergiya simptomlarına ağızda uyuşma, üzün şişməsi, nəbzin sürətli döyünməsi, miqren, ürək yanması və dəri səpgisi daxildir. Ən ciddi reaksiya olan anafilaksiya həyati təhlükə yaradır və təcili müdaxilə tələb edir, nəfəs darlığı, həddindən artıq şişkinlik, şiddətli qıcolmalar və huşun itirilməsi kimi simptomlarla özünü göstərir. Şokolad dözümsüzlüyü, allergiyadan fərqli olaraq, immun sisteminə deyil, həzm sisteminə təsir göstərir. Şokoladdakı şəkəri həzm edə bilməmək ürəkbulanma, qusma, ishal və qaz kimi həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, şokoladdakı kofein miqdarı bəzi insanlarda gərginlik, narahatlıq və yuxu problemləri kimi kofein həssaslığı ilə əlaqəli simptomlara səbəb ola bilər.
Çarpaz çirklənmə şokoladdakı allergenlərlə yanaşı, şokolad allergiyasının səbəbləri arasında da yer alır. İstehsal prosesi zamanı şokolad və digər allergenlər arasında təmas allergik reaksiyalar riskini artıra bilər. Buna görə də, allergiyaya meylli şəxslərin məhsul etiketlərindəki xəbərdarlıqlara diqqət yetirmələri və riskli qidalardan çəkinmələri tövsiyə olunur.
Aygün
Medicina.az