Yüksək qan təzyiqinin ilkin mərhələsində həyat tərzində bəzi dəyişikliklər təzyiqin aşağı salınmasına kömək edə bilər. Almaniyanın Berlin şəhərindəki Charité xəstəxanasının professoru Markus van der Giet bunun üçün bir sıra sadə addımlar tövsiyə edir.
Medicina.az xəbər verir ki, gündə ən azı 30 dəqiqə gəzmək qan təzyiqinin 5–10 mm civə sütunu qədər azalmasına kömək edə bilər. Həmçinin həftədə 3 dəfə 15 dəqiqəlik izometrik məşqlərin də faydalı olduğu bildirilir.
Tövsiyələr arasında duz qəbulunu azaltmaq da xüsusi yer tutur. Gündə 5 qramdan çox duz qəbul etməmək, hazır yeməklərdən və çox duzlu məhsullardan uzaq durmaq məsləhət görülür.
Bundan başqa, tərəvəzlərlə zəngin qidalanmaq, alkoqolu məhdudlaşdırmaq, siqaretdən uzaq durmaq, stressi azaltmaq və gecə 7–9 saat yatmaq qan təzyiqinə müsbət təsir göstərə bilər.
Həkimlər vurğulayırlar ki, bu tədbirlər dərman müalicəsini əvəz etmir. Təzyiq davamlı olaraq 140/90 mm civə sütunundan yuxarıdırsa, mütləq həkimə müraciət edilməli və dərmanların başlanması və ya dayandırılması barədə qərar mütəxəssis tərəfindən verilməlidir.
Xanım,
Mədicina.az