Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?

  • 2026.08.04 15:32
  • 118 Baxış
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?

Uşaqlarda qarın ağrısı bəzən sadə qəbizlikdən qaynaqlansa da, bəzi hallarda təcili tibbi müdaxilə tələb edən xəstəliklərin əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, uşaq cərrahı Mehmet Şərif Arslan valideynləri bu şikayəti diqqətdən kənarda qoymamağa çağırıb.

Həkimin sözlərinə görə, xüsusilə bir yaşadək körpələrdə qəfil başlayan güclü qarın ağrısı və öd qarışıqlı qusma bağırsaq düyünlənməsinin əlaməti ola bilər. Belə hallarda ultrasəs müayinəsi diaqnoz üçün kifayət edir və bir çox xəstə əməliyyata ehtiyac olmadan müalicə oluna bilir.

Mehmet Şərif Arslan bildirib ki, iki yaşdan sonra uşaqlarda təcili qarın ağrısının ən çox rast gəlinən səbəblərindən biri appendisitdir. Bu xəstəlik adətən iştahasızlıqla başlayır, daha sonra keçməyən qarın ağrısı yaranır və ağrı tədricən qarının sağ aşağı hissəsində cəmlənir. Müayinə, qan analizləri və ultrasəs vasitəsilə diaqnoz qoyulur.

Mütəxəssis vurğulayıb ki, güclü, təkrarlanan qarın ağrısı və ya qusma ilə müşayiət olunan hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Xanım,
Medicina.az