Fransanın Qan Təchizatı Agentliyi, Karib dənizindəki Qvadelupa adasından olan fransız qadının "Qwada mənfi" adlı yeni qan qrupunu daşıdığını bəyan edib. Bu qanı daşıyan hələ ki, ikinci adam yoxdur.
“Medicina” xəbər verir ki, Fransız təşkilatı cümə günü verdiyi açıqlamada, tədqiqatçıların adi əməliyyat öncəsi testlərdən keçən sözügedən xəstədən tam 15 il əvvəl qan nümunəsi aldıqlarını və kəşfin illər sonra edildiyini bildirib.
Qurum LinkedIn sosial şəbəkəsində paylaşdığı yazıda "Dünyada 48-ci qan qrupu sistemini kəşf etdik!" qeyd edib.
"Bu kəşf iyunun əvvəlində Milanda Beynəlxalq Qanköçürmə Cəmiyyəti (ISBT) tərəfindən rəsmi olaraq tanınıb."
Elmi birlik əvvəllər 47 qan qrupu sistemini tanımışdı.
Kəşf qrupunun üzvü Thierry Peyrard müsahibəsində bildirib ki, ilk dəfə 2011-ci ildə xəstədə "çox qeyri-adi" anticisim tapılıb. Alimin sözlərinə görə, o zamankı resurslar nümunənin daha dərindən öyrənilməsinə imkan vermirdi.
Peyrard, alimlərin nəhayət, 2019-cu ildə genetik mutasiyanı ortaya çıxaran “yüksək ötürücülü DNT ardıcıllığının” kəşfi sayəsində sirri həll edə bildiklərini söylədi.
Peyrard, o zaman Parisdə yaşayan 54 yaşlı bir xəstədə əməliyyatdan əvvəl adi testlər zamanı əvvəllər tibbə məlum olmayan bir antikorun aşkar edildiyini bildirdi:
"Bu qadın, şübhəsiz ki, dünyada yeganə məlum hadisədir. O, dünyada onunla uyğun gələn yeganə insandır."
Qadının qan qrupunu mutasiyaya uğramış genin ana və atasından miras aldığı düşünülür.
Standart "AB0" qan qrupu sistemi ilk dəfə 1900-cü illərin əvvəllərində müəyyən edilmişdir. DNT ardıcıllığı sayəsində son illərdə yeni qan qruplarının kəşfi sürətlənib.
Aygün Musayeva