Azərbaycanda uşaqlarda koronavirusun ağır gedişatı– Pediatr əlamətləri AÇIQLADI

  • 08 Yan 2021 16:03
  • 1633 Baxış
Azərbaycanda uşaqlarda  koronavirusun ağır gedişatı – Pediatr əlamətləri AÇIQLADI

Koronavirus pandemiyası yaranandan virusun uşaqlardan yan keçməsi bir az da olsa insanları sevindirdi. Virusun ağırlaşması ilə çarpışan böyüklər ən azı uşaqlarından arxayın idi və xəstəxanalar xəstə uşaqlarla dolub daşmadı.


Lakin sonradan uşaqların da koronavirusa yoluxduğu, hətta gizli, təhlükəli daşıyıcı olması açıqlandı.

"Medicina.az"xəbər verir ki, pediatr həkim Aytən İsmayılzadə son zamanlar uşaqlarda koronavirusun daha qabarıq və qarışıq simptomlarla keçdiyini müşahidə edib. Həkim öz təcrübəsindən irəli gələrək bunları açıqlayıb:


“Son iki həftədə qəbul etdiyim uşaqlar arasinda 5 nəfəri Covid-19 ağırlaşması ilə oldu. Onlarda hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150-350-dən yuxarı , EÇS 60-80, leykositlər 20000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiyaya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə kovid infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin.


Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çunki favipiravir uşaq orqanizmi uçun ağırdı, arbidol isə virus uçun zəifdir. İzləyəcəyik. Kim virusu necə keçirir? “Hər kəs artıq sağaldı” dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması məhz onun ağırlaşması ola bilər.


Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə bakteriyaların aktibləşməsi baş verəcək. Covid - də bu proses sürətlə baş verir. Mutləq CRP və qan umumi analizini verin. CRP yəni C reaktiv protein bədəndə iltihabın səviyyəsini göstərir.


Baş verən ağırlaşma əslində sadəcə bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. Bir kovid pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit- yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarindan maye ifrazı artımıdır. USM muayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması muşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.


Uşaqlarda kovid ağırlaşması ilə görulən halsızlıq sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir. Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.


Qan dəyərləri, döş qəfəsi rentgeni, lazim olarsa Exo, EKQ, Usm muayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s ilə mualicə həyata keçirilir”