Bakıda 22 il sonsuzluqdan sonra əkizlər doğuldu

  • 2022.11.14 16:19
  • 2632 Baxış
Bakıda 22 il sonsuzluqdan sonra əkizlər doğuldu

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edən hamilə qadın 22 il sonsuzluq sonrası əkiz övladlarını dünyaya gətirib.

"Medicina" xəbər verir ki, 27-28-ci həftələrdə ağır vəziyyətdə mama-ginekoloq, t.ü.f.d. Leyla Süleymanovanın konsultasiyasına gələn qadın dərhal stasionar müalicə üçün Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilib. Həkim tərəfindən aparılan düzgün müalicə planı nəticəsində çətin vəziyyət aradan qaldırılıb.


Daimi olaraq nəzarətdə olan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar təcili olaraq cərrahi doğuş təyin edilib. L.Süleymanova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə hər ikisi oğlan olan körpələr dünyaya gəlib.


Vaxtından əvvəl dünyaya gələn azçəkili əkiz körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin həkim-neonatoloqları Aynur Bağırova, Lalə Rzayeva və tibbi personal tərəfindən aparılan müayinə və müalicə nəticəsində normal Fizioloji şöbəyə yerləşdirilib.

İnkişaflarına və mövcud problemlərinə düzgün nəzarət etmək üçün davamlı olaraq şüa-diaqnostika üzrə həkim Təranə Kərimovanın ultrasəs müayinə etdiyi körpələr təxminən 20 günlük stasionar müalicədən sonra sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıb.


Aygün Musayeva