Bakıda gənc xəstənin sidik kisəsindən nəhəng daşlar çıxarıldı

  • 2023.02.22 14:00
  • 2139 Baxış
Bakıda gənc xəstənin sidik kisəsindən nəhəng daşlar   çıxarıldı

“Yeni klinika”da icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində 23 yaşlı xəstəyə sistolitotomiya (sidik kisəsi daşlarının çıxarılması) əməliyyatı icra olunub.

"Medicina" xəbər verir ki, anadangəlmə sidik kisəsində olan qüsur səbəbi ilə dəfələrlə əməliyyat olunan pasiyent sidik kisəsi nahiyəsində olan ağrı, yandırma, göynəmə şikayətləri ilə klinikaya müraciət edib.

Sidik kisəsinin ekstrofiyası səbəbindən 2007-ci ildə bir neçə əməliyyat keçirən pasiyent daha sonra 2012-ci ildə sidik kisəsinin ileosistoplastika (nazik bağırsağın bir hissəsinin əlavə edilməsi ilə sidik kisəsinin yenidən formalaşdırılması), Mitrofanov üsulu ilə sistostomiya (sidik ifrazının qarından təmin edilməsi) əməliyyatı olunduğunu bildirib.

Müayinə edilmiş pasiyentə "sidik kisəsinin ekstrofiyasına görə ileosistoplastika əməliyyatından sonrakı vəziyyət, sidik kisəsinin daşları” diaqnozu qoyularaq xəstədə 9 ədəd irihəcmli daş aşkar edilib.

Uroloq Azad Süleymanov, uzman həkim Məcid Haqverdiyev və Urologiya şöbəsinin rezidenti Elmin Xəlilov tərəfindən xəstəyə sistolitotomiya əməliyyatı icra edilib.

Pasiyent əməliyyatdan 4 gün sonra yaşayış yeri üzrə ambulator müalicəyə yazılıb.