Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb.
"Medicina" xəbər verir k, Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı icra olunub.
Dəyəri kifayət qədər yüksək olan qaraciyər transplantasiyası zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrahlar Ceyhun İsayev, Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva, ürək-damar cərrahları Mətin Hadizadə, Elgin Hacızadə, anestezioloq Mayıl Sədiyev, transplantasiya üzrə koordinator həkim İntizar Məmmədovanın iştirakı ilə uğurla icra olunub.
Əməliyyatdan sonra resipiyent və donorun vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hər ikisinin bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Cərrahiyyədə ən mürəkkəb müdaxilələrdən biri hesab edilən qaraciyər transplantasiyası yüksək səviyyəli təcrübə tələb edən bir prosedurdur. Uğurlu nəticə üçün xəstənin dəqiq qiymətləndirilməsi, uyğun donor seçilməsi, cərrahiyyənin düzgün aparılması, reanimasiya dəstəyi və əməliyyatdan sonrakı təqib olduqca vacib hesab olunur.
Məlumat üçün bildirək ki, 2 ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunmuş və əməliyyat uğurla başa çatmışdır. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.
MEDİCİNA.AZ