14 iyun - Beynəlxalq Donor Günüdür

  • 14 İyun, 2019
  • 1375 Baxış
14 iyun - Beynəlxalq Donor Günüdür
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.
 
Medicina.az-ın məlumatına görə, Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır.
 
Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. 14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.