Mədə xorasına qarşı təbii vasitələr

  • 2024.03.27 22:17
  • 2383 Baxış
Mədə xorasına qarşı   təbii vasitələr
Mədə xorası bir çox insanın kabusuna çevrilən problemdir.

Medicina.az xəbər verir ki, bu problemə qarşı dərmanlarla yanaşı, təbii məhsullardan da istifadə etmək olar.

Qastroenteroloq Prof. Dr. Esin Korkut mədədə yanma, turşuluq və ağrıdan şikayət edənlər üçün təbii üsul açıqlayıb.

O bildirib ki, mədənin və ya nazik bağırsağın yuxarı divarını qorumaqdan məsul olan selikli qişanın təsirini itirməsi nəticəsində mədə turşusunun yaratdığı yaralara xora deyilir.

“Mədə yaralarının əsas səbəbləri arasında “helicobacter pylori” adlı mikrob var. Bundan başqa, müntəzəm istifadə edilən aspirin, antirevmatik dərmanlar və ağrıkəsicilər də mədə yaralarının əmələ gəlməsində mühüm amillərdəndir. Digər mümkün səbəblərə genetik meyl, stress, kortizon tipli dərmanlar, alkoqol, siqaret, qəhvə vərdişi və ətraf mühitin çirkliliyi daxildir", - deyə o qeyd edib.

Xoraların adətən yeməkdən sonra qarının yuxarı hissəsində yanma və ağrı ilə əlamətlər göstərdiyinə işarə edən Prof. Dr. Korkut müalicədə tez-tez istifadə edilən əsas üsullardan birinin də qastroprotektiv dərmanlar və ya H2 blokerləri deyilən dərmanlar olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu dərmanlar mədə turşusunun səviyyəsinə nəzarət edərək xoranın sağalmasına səbəb olur: “Bundan əlavə, sağlam qidalanma vərdişinə yiyələnmək və ədviyyatlı qidalardan uzaq durmaq mədə xoralarının sağalması prosesini sürətləndirir”.

Qastroenteroloq əlavə edib ki, cəmiyyətdə çox rast gəlinən mədə xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi qəbul edilən bitki mənşəli üsulların da öz yeri var.

Prof. Dr. Korkut mədə və nazik bağırsağın üst bölgəsindəki yaraları sağaltmaq və ya bəzi mədə şikayətlərini aradan qaldırmaq üçün faydası olduğu bilinən müxtəlif bitki mənşəli təkliflərini belə dilə gətirib:

“Mədə və bağırsaq xəstəliklərində ilk ağla gələn qidalardan biri acı qovundur. Acı qovun zeytun yağı və ya bal ilə istehlak edilir. Bu, həzmsizlik, qastrit, reflü, mədə yanması və xoraların müalicəsinə dəstək olan ən əhəmiyyətli bitkilərdən biridir. Əsrlərdir şəfa mənbəyi kimi göstərilən zeytun yağının mədənin selikli qişasının qoruyucu təbəqəsini gücləndirən polifenol və antioksidantlara malik olduğu müəyyən edilib. Bu, mədə astarının qoruyucu maneəsini gücləndirərək mədə xoralarının əmələ gəlməsinin qarşısını almağa kömək edə bilər.

Sarı kantaron yağı mədə xorası və şişkinlik problemləri üçün istifadə olunur. Bu yağ mədə içərisində “qalxan” yaradaraq mədə turşusunun təsirini aradan qaldırır və həzmi asanlaşdırır.

Çobanyastığı, zəncəfil, nanə və cökə kimi bitki çaylarının mədə ağrılarına sakitləşdirici təsir göstərdiyi məlumdur. Çobanyastığı çayı mədə-bağırsaq sistemi spazmlarında, qaz, həzmsizlik və şişkinlikdə də təsirlidir.

Kəklikotu, zirə, keşniş, tərxun, hil, şüyüd, zəncəfil, sarıkök və darçın yeməklərimizə ləzzət qatmaqla yanaşı, həzmi asanlaşdırır”.

Həkim qeyd edib ki, bitki mənşəli məhsulların effektivliyi elmi sübutlara əsaslanır, bununla belə, riskli vəziyyətlər yarana bilər:

“Bitkilər qidalar və dərmanlarla qarşılıqlı təsir göstərərək risk yarada, allergik reaksiyalara səbəb ola bilərlər. Odur ki, bitki əlavələri qəbul etməzdən əvvəl mütləq həkimə müraciət etməlisiniz”.


Aysel