Xəbər verdiyimiz ki, həkimlərin sertifikasiya imtahanı əvəzinə kredit balı toplamaq şərti qanunla qəbul olunandan sonra bir çox ixtisas həkimləri kurslarda yer azlığı ilə üzləşib.
Xüsusən LOR həkimləri arasında əsas narazılıq ixtisasartırma kurslarında yer çatışmazlığı ilə bağlıdı.
Rəsmi plana görə, Həkimləri Təkmilləşdirmə İnstitutunda 2026–2027-ci tədris ilində LOR üzrə 21 kurs açılır və hər kursa cəmi 6 nəfər qəbul olunur. Yəni 563 LOR həkiminə qarşı cəmi 126 yer nəzərdə tutulub. LOR həkimlərinin Medicina.az-a bildirdiyinə görə, hazırda əsas problemlərdən biri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarına düşə bilməmələridir. İnstitutun 2026–2027-ci tədris ili üçün rəsmi planında otorinolarinqologiya üzrə 21 kurs nəzərdə tutulub. Hər kursa cəmi 6 nəfər qəbul edilir.
Bu isə bir tədris ili ərzində 126 yer deməkdir. Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə isə 2025-ci ilin əvvəlinə Azərbaycanda 563 otorinolarinqoloq fəaliyyət göstərib. Yəni 563 LOR həkiminin olduğu ölkədə Təkmilləşdirmə İnstitutunun bir illik planında bu ixtisas üzrə 126 kurs yeri var.
Medicina.az -da ötən gün dərc etdiyimiz araşdırma ilə bağlı sorğumuza Həkimləri Təkmilləşdirmə İnstitutundan açıqlama verilib.
Açıqlamada bildirilir ki, Ə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin ixtisasartırma və peşə biliklərinin təkmilləşdirilməsi üzrə tədris prosesi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunlarına, Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na, eləcə də səhiyyə sahəsində qüvvədə olan digər normativ-hüquqi aktlara, Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, institutun nizamnaməsinə və təsdiq edilmiş tədris proqramlarına uyğun təşkil olunur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il tarixli 45 nömrəli Əmri ilə həkimlərin bilik və bacarıqlarının davamlı tibbi təhsil (DTT) vasitəsilə artırılması ilə bağlı qaydalar müəyyən edilmişdir.
İnstitutda təkmilləşdirmə kursları Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “2026/2027-ci tədris ili üçün Həkim və əczaçıların təkmilləşdirmə kurslarının Təqvim Planı” əsasında təşkil olunur. Təqvim Planında hər bir kurs üçün qəbul oluna bilən müdavimlərin sayı, yəni kursa qəbul planı göstərilir. Qəbul planı kafedraların mövcud pedaqoji ştatları, müəllimlərin yerinə yetirməli olduğu dərs yükü, tədris otaqlarının və praktiki bazaların tutumu, eləcə də ixtisasın xarakteri — cərrahi və ya terapevtik olması nəzərə alınmaqla müəyyən olunur. Bu yanaşma kursun keyfiyyətini, tələbələrin praktiki fəaliyyətdə iştirakını və tədris prosesinin effektliyini təmin etmək üçün vacibdir.
Beləliklə, kurs yerlərinin sayı təsadüfi müəyyən olunmur; o, tədris resursları, kadrlar və keyfiyyət tələbləri əsasında planlaşdırılır.
Bütün həkimlərin kursla təminatı nəzərdə tutulmayıb.
“Bütün həkimlərin kursla təminatı Qanunvericilikdə ölkədə çalışan bütün həkimlərin hər il mütləq şəkildə təkmilləşdirmə kursuna cəlb edilməsi və ya bütün həkimlərin kursla təmin olunması qaydası nəzərdə tutulmayıb. DTT sistemi həkimin peşəkar inkişafını yalnız bir formatla, yəni təkmilləşdirmə kursu ilə məhdudlaşdırmır. DTT üzrə kredit toplamaq üçün iki əsas istiqamət fərqləndirilir: akkreditə olunmuş təkmilləşdirmə kurslarında iştirak və elmi, tədris və digər peşəkar inkişaf fəaliyyətləri vasitəsilə kredit toplamaq.
Dövlətin məqsədi bütün həkimləri yalnız Təkmilləşdirmə İnstitutundan asılı vəziyyətə salmaq deyil. Qanunvericilik kredit toplamaq imkanını yalnız bir qurumun öhdəsinə buraxmır. Beləliklə, təkmilləşdirmə kurslarında yerlərin müəyyən sayda olması həkimləri yalnız bir mənbəyə arxalanmaqdan çəkindirmək və onları digər akkreditə olunmuş peşəkar inkişaf tədbirlərinə yönəltmək məqsədi daşıyır.
Kredit balının toplanması Nazirlər Kabinetinin 2025-ci il 27 noyabr tarixli Qərarına görə, yeni sertifikasiya qaydalarında 5 il ərzində minimum 250 kredit, yəni ildə orta hesabla 50 kreditin toplanması nəzərdə tutulur.
Ə.Əliyev adına ADHTİ-nin təşkil etdiyi təkmilləşdirmə kurslarından başqa, akkreditə olunmuş elmi-praktik konfranslarda, beynəlxalq tibbi konqreslərdə, seminarlarda, təlimlərdə və vebinarlarda iştirak etməklə, həmçinin elmi məqalələr nəşr etdirməklə, elmi məruzə ilə çıxış etməklə, ixtisas üzrə pedaqoji fəaliyyət göstərməklə, elmi-tədqiqatlar aparmaqla və digər yollarla da DTT kreditlərini toplamaq mümkündür. Beləliklə, kredit balının toplanması üçün təkmilləşdirmə kursları yeganə vasitə deyil. Həkimlər DTT sistemində nəzərdə tutulmuş müxtəlif akkreditə olunmuş fəaliyyət formalarından istifadə etməklə 250 krediti toplaya bilərlər”.
LOR üzrə kurslarda kimlər iştirak edə bilər?
Planlaşdırılan ixtisasartırma kurslarında otorinolarinqoloqlarla yanaşı, müvafiq xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan üz-çənə cərrahlarının da iştirakı mümkündür. Bu yanaşma ixtisaslararası əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislərin peşə bilik və bacarıqlarının artırılmasına və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Lakin bu qrupa ümumi cərrahlar və plastik cərrahlar daxil deyil. Mövcud qanunvericiliyə və tədris planına görə, bu həkimlər otorinolarinqologiya üzrə təkmilləşdirmə kurslarına qəbul edilmirlər. Həkimin hər hansı bir ixtisasa yiyələnməsi hazırda yalnız müvafiq ixtisas üzrə rezidentura təhsilini başa vurması yolu ilə mümkündür. Ona görə də ümumi cərrahın LOR üzrə təkmilləşdirmə kursu keçməsi ona LOR cərrahı və ya həkim-otorinolarinqoloq statusu vermir. Tibb elmi multidissiplinar xarakter daşıdığı üçün kəsişən ixtisasların birgə təlimi peşəkar inkişaf və ixtisaslararası əməkdaşlıq baxımından faydalıdır; lakin bu, ixtisas dəyişikliyi demək deyil.
Növbəlilik və qəbul prosesi
Həkim və əczaçıların təkmilləşdirmə kurslarına göndərilməsi Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə həyata keçirilir. Bu sistem çərçivəsində İnstitut tərəfindən praktik fəaliyyət göstərən hər hansı bir həkimin və ya əczaçının təkmilləşdirmə kurslarına qəbulu texniki olaraq mümkündür. Həkimlərin kurslarda iştirakının növbəliliyi onların çalışdığı tibb müəssisəsi tərəfindən müəyyən olunur. Beləliklə, hər bir həkimin kursa qəbulu onun iş yerinin təqdimatı, VSİS-dəki müraciəti və müvafiq kurs üzrə açıq yerlərin olması əsasında həyata keçirilir. Beləliklə, kurs yerləri yalnız müəyyən qrup həkimlər üçün deyil; praktik fəaliyyət göstərən, müvafiq ixtisasa malik olan və iş yeri tərəfindən təqdim olunan həkimlər üçün açıqdır.
Kurslar ödənişsizdir, yoxsa ödənişli?
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunan ixtisasartırma və təkmilləşdirmə kursları dövlət tibb müəssisələrində çalışan həkimlər üçün ödənişsiz, özəl və təsisatlı tibb müəssisələrində çalışan həkimlər üçün isə ödənişli əsaslarla həyata keçirilir. Bu yanaşma dövlət sektorunda çalışan həkimlərin peşə hazırlığının dövlət hesabına dəstəklənməsini, eyni zamanda özəl sektorda çalışan mütəxəssislərin də keyfiyyətli təlim imkanlarından istifadə etməsini təmin edir.
AYGÜN MUSAYEVA
MEDİCİNA.AZ