Hamiləlik dövründə meşə yanğınları tüstüsünə məruz qalma uşaqlarda autizm riskinin artması ilə əlaqələndirilir.
Medicina.az xəbər verir ki, hamiləlik dövründə, xüsusilə ikinci və üçüncü trimestrlərdə meşə yanğınları tüstüsünə məruz qalmaq uşaqlarda autizm riskini artırır.
Yeni araşdırmaya görə, hamiləlik dövründə meşə yanğınları nəticəsində yaranan xırda hissəciklərə məruz qalan anaların uşaqlarında autizm diaqnozunun qoyulma ehtimalı daha yüksək olub.
Hamiləlik övründə havada meşə yanğınları ilə əlaqəli xırda hissəciklərin orta konsentrasiyasının hər 0,75 mikroqram/kubmetr artımı, autizm inkişafı riskinin təxminən 30% yüksəlməsi ilə əlaqələndirilib.
Autizmlə ən güclü əlaqə hamiləliyin ikinci və üçüncü trimestrlərində müşahidə olunub.
Rutgers İctimai Səhiyyə Məktəbinin epidemioloqu və araşdırmanın aparıcı müəllifi Stefaniya Papatheodorou bildirib: "Hamiləlik beynin sürətlə inkişaf etdiyi bir dövrdür və bu zaman ətraf mühit amillərinə məruz qalmaq vacib formalaşma proseslərini poza bilər".
Autizm, beynin sürətlə inkişaf etdiyi və sinir hüceyrələri arasında əlaqələrin qurulduğu, doğuşdan əvvəl başlayan mürəkkəb neyroinkişaf prosesləri ilə əlaqəlidir. O əlavə edib ki, əldə edilən nəticələr hamiləlik dövründə meşə yanğınlarına və onların hava keyfiyyətinə göstərə biləcəyi potensial təsirlərə nəzarət etməyin vacibliyini vurğulayır.
Araşdırmada (mənbə ingilis dilindədir) ABŞ-da təxminən 900 000 ana-uşaq cütü tədqiq edilib və onlar orta hesabla 6,3 il müddətində izlənilib.
Meşə yanğınları tüstüsünün tərkibində xırda hissəciklər, qazlar və digər çirkləndiricilər olur. Yanğınlar zamanı plastik məmulatlar, elektronika və boyalar da alovlana bildiyindən və bunlar havaya zəhərli kimyəvi maddələr buraxdığından, tüstünün tərkibi nəyin yandığından asılı olaraq dəyişə bilər.
Bu hissəciklər ağciyərlərin dərinliklərinə nüfuz edərək bütün bədəndə iltihab prosesini tetikləyə bilər. Bu, tüstüyə məruz qalmağın hamiləliyin gedişatına və dölün inkişafına təsir göstərə biləcəyi ehtimal olunan mexanizmlərdən biridir.
Belə bir təsirə məruz qalma artıq astma, xroniki ağciyər xəstəlikləri və psixi sağlamlıq problemləri də daxil olmaqla, bir sıra mənfi sağlamlıq nəticələri ilə əlaqələndirilib.
Müəlliflər vurğulayıb ki, onların apardıqları iş müşahidə xarakteri daşıyır və meşə yanğını tüstüsünə məruz qalma ilə autizmin inkişafı arasında səbəb-nəticə əlaqəsini sübut etmir.
Aygün Musayeva