20–22 oktyabr tarixlərində Çinin Sanya şəhərində Asiya Elmlər Akademiyasının Baş Assambleyası keçirilib. Assambleyada Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar qərarlar da qəbul olunub.
Medicina.az xəbər verir ki, Baş Assambleyanın qərarı ilə Asiya Elmlər Akademiyasının nəzdində İnteqrativ Tibb üzrə Beynəlxalq Elmi Şura yaradılıb və onun tərkibi təsdiqlənib.İnteqrativ təbabətdə elmi araşdırmalar Mərkəzinin direktoru, biznes idarəçiliyi üzrə fəlsəfə doktoru, Asiya Elmlər Akademiyasının müxbir üzvü Elxan Yaqubov yeni yaradılmış Beynəlxalq Elmi Şuranın sədri seçilib.
Yeni qurumun əsas məqsədi inteqrativ tibb sahəsində elmi tədqiqatların əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, praktik həkimlər üçün yeni tövsiyələrin hazırlanması və sübuta əsaslanan müalicə protokollarının işlənib hazırlanmasıdır.
Digər mühüm uğur isə tibb elmləri doktoru, professor Akif Qurbanov ilə bağlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini və Azərbaycan Tibb Universitetinin professoru olan Akif Qurbanov Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycan alimlərinin beynəlxalq elmi qurumda rəhbər və üzvlük səviyyəsində təmsil olunması ölkəmizin elmi potensialının beynəlxalq əməkdaşlıq müstəvisində təqdim edilməsi baxımından əhəmiyyətli hadisədir.