“Yaxşı həkim linç olunmamalıdır” - Həkimlər Firdovsi İbrahimovun müdafiəsinə qalxdı

  • 2026.09.25 17:10
  • 440 Baxış
“Yaxşı həkim linç olunmamalıdır”  -  Həkimlər Firdovsi İbrahimovun müdafiəsinə qalxdı


Ötən gün sosial şəbəkələrdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla bağlı şikayətdən və həkimin xəstə ilə bağlı etdiyi açıqlamadan sonra ölkənin tanınmış həkimləri kardioloqun sosial şəbəkə və kütləvi informasiya vasitələrində tənqid edilməsinə qarşı çıxaraq, onu dəstəkləyən açıqlamalar yayıblar.


Medicina.az bir neçə tanınmış həkimin açıqlamasını təqdim edir.

Musa Qəniyev - professor

"Belə nadir həkimləri ictimai müzakirəyə çıxarmaq yolverilməzdir"


"Firdovsi həkim Azərbaycana, Xalqımıza, Millətimizə çox lazım olan bir mütəxəssisdir. Bu cür nadir istedadlı təbiblərimiz dəyərləndirilməli, qorunmalı və uca tutulmalıdır. Onun və komandasının apardığı hansısa bir kardioloji müdaxilənin maddi ödənişinə görə, bu insana irad bildirmək və bu iradı ictimayi müzakirəyə çıxararaq onu psixoloji sarsıntı və stressə salmaq yolverilməzdir. Çünki belə bir insanın itirilməsi onlarla, yüzlərlə insanın ölümi və çoxsaylı ailələrin başsız qalması deməkdir.

Bəli, tibbi xidmətin ödənişli olması arzuolunmazdır və maddi vəziyyəti onsuz da ağır olan insanlarımızı daha da çıxılmaz vəziyyətə salır. Lakin bu nə onun, nə də digər həkimlərin günahı deyil. Bütün bunlar tibbi sığorta sistemində olan məlum boşluqlar və nəzarət sisteminin olmaması ilə bağlıdır. Gəlin, ümüdimizi itirməyək və arzu edək ki, tibbi sığorta sistemində mövcud olan bu boşluqlar, xüsusən insan faktoru tezliklə aradan qaldırılsın, Vətənimizin hər bir övladı arzusunda olduğu təmənnasız və keyfiyyətli tibbi yardımı ala bilsin".


Vaqif Qarayev- həkim pediatr
“Hər həkim xəstəni şokdan çıxara bilmir"



“Bizdə belə vəziyyət yaranıb ki, xəstə qohumu şikayət edirsə, onun dedikləri içtimaiyyət tərəfindən Quran ayəsi kimi qəbul edilir. Doktorun açıqlamasından bəlli olur ki, həmin pasiyentin vəziyyəti kifayət qədər ağır olub...kardiogen şok fonunda üç damar tıxanığlığı…
Kardiogen şokdan hər xəstə çıxmır və hər həkim pasiyenti kardiogen şokdan çıxarda bilmir!

Ən əsası həkim xəstəni ölümdən qaytarıb!

Narazılıq nədəndir? Ödənişdən! Bu xəstədən təxirəsalınmaz tədbirlər üçün pul alınmayıb axı..ödəniş olubsa, sonrakı tədbirlər üçün olub!
Doktorun media haqqında dediklərinə də qatılıram..
Yaxşı həkim linç subyekti olmamalıdır!”

Aydın Əliyev – Radioloq həkim
“Firdovsi Azərbaycan səhiyyəsinin brendidir”



“Firdovsi həkimlə birlikdə Kimya-Biologiya Təmayüllü Liseyində bir yerdə oxumuşuq. Firdovsi o məktəbdə ən yaxşı oxuyanlardan biri idi. Sadə, təvazökar, yüksək səviyyəli insan, yüksək dərəcəli mütəxəssisdir. Onun kobudluq etməsi inandırıcı deyil. Firdovsi Azərbaycan səhiyyəsinin brendidir. Belə həkimləri göz üstündə saxlamalıyıq. Belə xoşagəlməz hallar həkimləri riskli addımlar atmaqdan çəkindirir. Əks hada əhalinin sağlamlığının qorunması çətinləşə bilər”.

Tutu Babayeva – həkim

Azərbaycan Kardiologiyasının əvəzedilməz şəxsiyyətinə həqarət kimin həddidir?

“Firdovsi Ibrahimov Azərbaycan Kardiologiyasının qırılmaz sütunudur. Hazırki zamanda ölkədə ən aparıcı kardioloqların yetişməsində,AKC kimi ən önəmli bir qurumun yaranmasında əvəzsiz rolu olan çox dəyərli Hocamızdır. İnsanın əməyini qiymətləndirməyən,dəyərini bilməyən bir kütlə var ətrafımızda. Sanki hər şey bunlar üçün və dünya sadəcə bunların ətrafında fırlanır. Adama deyərlər ki, Bu insanın sənin valideyininə çəkdiyi əziyyətin halallığını Allah qarşısında heç nə ilə ödəyə bilməzsən. O ki, ola, həqarət et. Və bu cür yanaşma ilə ölkəmizdən beyin axınına səbəb olursunuz. Yaxşı-yaxşı fikirləşin,insanın dəyərini bilin”.

Həqiqət Hacıyeva- dosent

"Firdovsi həkim gördüyü işin məsuliyyətini
dərk edən mütəxəssisdir"




“Firdovsi İbrahimov haqqında danışarkən onun həkim kimi yüksək peşəkarlığı ilə yanaşı, insani keyfiyyətləri də xüsusi əhəmiyyət daşıyır.

Firdovsi həkim öz sahəsini dərindən bilən, daim məsuliyyət hissi ilə çalışan, pasiyentə diqqətlə yanaşan və gördüyü işin məsuliyyətini dərk edən bir mütəxəssisdir. Lakin onun şəxsiyyətində məni daha çox düşündürən və hörmətimi qazanan cəhət peşəkarlığı ilə sadəliyinin, biliyi ilə səmimiyyətinin bir arada olmasıdır.


Həkimlik yalnız diaqnoz qoymaq və müalicə yazmaq deyil. Bəzən xəstənin bir sözə, bir xoş münasibətə, bir az ümidə ehtiyacı olur. Həmin anda həkimin insan kimi davranışı da müalicənin bir hissəsinə çevrilir.
Firdovsi həkimdə mən məhz bunu görmüşəm — qarşısındakı insana yalnız pasiyent kimi deyil, insan kimi yanaşmaq xüsusiyyətini.

Bəzən bir insanın sakitliyi soyuqluq, ciddiliyi sərtlik, təvazökarlığı isə məsafə kimi qəbul edilə bilər. Halbuki insanın əsl siması onun çətin məqamda göstərdiyi münasibətdə, insanlara etdiyi yaxşılıqda və peşəsinə olan vicdanlı münasibətində görünür.

Mənim tanıdığım Firdovsi İbrahimov savadlı həkim olmaqla yanaşı, səmimi, sadə, diqqətli və gözəl qəlbli bir insandır.

Ona görə də bir insan haqqında fikir söyləməzdən əvvəl onu tanımaq, dinləmək lazımdır”.

Aygün Musayeva
Medicina.az