"Evinizdə 3 günlük qida və su ehtiyatı saxlayın" - Bir neçə gündür müxtəlif ölkələr bu elanlarla çıxış edir və vətəndaşlarını hazırlıqlı olmağa çağırır.
Əvvəlcə Böyük Britaniya, daha sonra ABŞ və Yaponiya vətəndaşlarının fövqəladə vəziyyətlərə hazır olması ilə bağlı xəbərdarlıqlar yayıb.
Çağırışlarda ən azı 3 gün kifayət edəcək su və ərzaq ehtiyatı ilə yanaşı, nağd pul, əl fənəri, radio və powerbank kimi vasitələrin hazır saxlanılması tövsiyə olunur. Böyük Britaniya hazırlıq təlimatında kiberhücumlar, yanğınlar və təxribat kimi risklərə diqqət çəkilir. ABŞ-də isə hərbi bazaların mümkün böhranlar zamanı kənardan dəstək almadan 90 gün ərzində fəaliyyətlərini davam etdirə bilməsi məsələsi gündəmdədir.
Bəs ölkələrin ard-arda verdiyi bu fövqəladə vəziyyət xəbərdarlıqlarının səbəbi nədir? Hökumətlər nədən ehtiyat edirlər? Üç günlük ehtiyat tövsiyəsinin arxasında hansı məntiq dayanır?
Mövzu ilə bağlı "Bakupost"a danışan ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu cür xəbərdarlıqlar əvvəllər də olub, sadəcə, cəmiyyət onlara o qədər də ciddi yanaşmayıb. Onun sözlərinə görə, hazırda dünyada vəziyyətin mürəkkəbləşməsi bu tip çağırışların daha geniş müzakirə olunmasına səbəb olur:
"Avropa ölkələrində bu xəbərdarlıqların arxasında başqa məqsədlərin dayanır. Belə məlumatlarla cəmiyyətdə müəyyən gərginlik yaradılır, insanlara hərbi xərclərin artırılmasının zəruriliyi aşılanır. Vətəndaşlara demək istəyirlər ki, dünyada təhlükə var, buna görə də sosial xərclərin və gəlirlərinizin azalması ilə barışmalısınız. Çünki bu təhlükələrin qarşısını almaq üçün hərbi xərcləri artırmaq lazımdır.Belə bir təhlükə ab-havasının yaradılması üçün də vaxtaşırı bu tip xəbərlər tirajlanır. Açığı, bu yanaşma mənə bir qədər gülünc görünür. Əgər söhbət nüvə müharibəsi təhlükəsindən gedirsə, belə bir müharibə zamanı çantanda bir litr suyun olub-olmaması nəyi dəyişəcək?
Allah eləməsin, belə bir müharibə baş versə, bütün dünya dağılacaq. Ona görə də bu tip xəbərdarlıqlar, əsasən, siyasi xarakter daşıyır. Yəni seçkilərə gedən partiyalar hərbi xərcləri artıracaqlarını əsaslandırmaq üçün indidən cəmiyyətdə belə bir ab-hava yaratmağa çalışırlar".
Aygün Musayeva