BölmələrRU
Xidmətlər
 

“Oğlum autizmdən əziyyət çəkir” - Deputat


Milli Məclisin 57 saylı Kürdəmir seçki dairəsindən deputatı Müslüm Məmmədovun oğlu Abdullah Məmmədov autizm xəstəliyindən əziyyət çəkir.

Medicina.az xəbər verir ki, bu barədə deputat modern.az saytına müsahibəsində deyib. O bildirib ki, böyük oğlunun autizm olmasına səbəb Burnevil sindromu olub: 

"Böyük oğlum Abdullah xüsusi qayğıya ehtiyacı olan uşaqdır, anadan olarkən onda Burnevil sindromu aşkar edildi. Bu xəstəlik bir çox orqanlara təsir edir və autizmə səbəb olur. Çox təəssüf ki, bu xəstəliyin müalicəsi müasir tibdə yoxdur”. 

Deputat övladı xəstə olan valideynlərə müraciət edib: "Xəstə uşaqları olan ailələrə müraciət etmək istəyirəm ki, uşaqlarınızla daimi məşğul olun, onları normal cəmiyyətdə özlərini rahat hiss etmələrinə nail olun, bu asan olmasa da,  mümkündür. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla həm tərbiyə, həm ünsiyyət istər-istəməz fərqli olur, valideynin üzərinə qat-qat çox məsuliyyət düşür. Təəssüf ki, yaşadığımız cəmiyyətdə də belə xəstəliyi olan insanlara münasibət fərqli olur, buna səbəb isə əsasən məlumat azlığıdır. Mən bunu təkcə Azərbaycana aid etmirəm, Avropada da eyni vəziyyəti müşahidə etmişəm. Ümid edirəm ki, aparılan maarifləndirmə işləri bu vəziyyəti dəyişəcək. Bu gün autizm barədə çox az məlumat var, bu məlumat artırılmalıdır, autizmli uşağı olan ailələrə dəstək artmalıdır. Dəfələrlə şahidi olmuşam ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri sanki bundan utanır və bu vəziyyəti gizlətməyə çalışırlar, məncə bu, həmin uşağa edilə biləcək ən böyük haqsızlıqdır”.