“Miqren beynin mühafizəçisidir” – Alimdən ilginc açıqlama

  • 2024.07.08 15:12
  • 425 Baxış
“Miqren beynin mühafizəçisidir” –  Alimdən ilginc açıqlama
Tədqiqatçılar beyindəki maye axınının ağrı siqnallarını sinirlərə necə ötürdüyünü və miqren ağrılarının necə tətikləndiyini müəyyən ediblər.

Medicina.az xəbər verir ki, siçanlar üzərində aparılan araşdırmada miqren ağrısını tətikləyən nevroloji hadisələr tədqiq edilib.

Neyron fəaliyyətinin dayandığı qısa bir beyin "fasiləsinin" beyin və onurğa beynini əhatə edən serebrospinal mayenin tərkibini müvəqqəti olaraq dəyişdirdiyi məlum olub. Tədqiqatçılar bu dəyişmiş mayenin hələlik “naməlum olan bir boşluq"dan hərəkət edərək kəllədəki sinirlərə getdiyini, burada ağrı və iltihab reseptorlarını aktivləşdirərək baş ağrısına səbəb olduğunu ehtimal edirlər.

Tədqiqatçılar təcrübədə istifadə etdikləri siçanların onurğa beyni mayesinin hərəkətini və tərkibini təhlil etdikdə, miqren baş ağrıları zamanı mayenin tərkibindəki bəzi zülalların konsentrasiyasının normal səviyyənin yarısından da aşağı düşdüyünü aşkar ediblər.

Tədqiqatda iştirak edən Dallasdakı Texas Universitetindən nevroloq Qreqori Dussor verdiyi açıqlamada bu araşdırmanın baş ağrılarının necə meydana gəldiyi mövzusunda inqilab edə biləcəyini söyləyib.

O, baş ağrılarını beynin daxilində baş verən və normal olmayan bir çox proses üçün ümumi bir xəbərdarlıq əlaməti kimi qiymətləndirib.

Danimarkadakı Kopenhagen Universitetinin nevroloqu, tədqiqatın həmmüəllifi Maiken Nederqard isə bildirib ki, “miqren əslində beynin mühafizəçisidir”.

“Miqren beyni qoruyur. Çünki ağrı verərək insana dincəlməyi, sağalmağı və yatmağı əmr edir”, - deyə o vurğulayıb.

"Nəticələrimiz göstərir ki, biz beyin və periferik sensor sinir sistemi arasında ilkin əlaqə kanalını müəyyən etmişik" , - deyə qeyd edən Nederqard sözlərinə belə davam edib:

“Bu, miqren baş ağrısının inkişafı üçün əhəmiyyətli və əvvəllər bilinməyən bir siqnal yolu olduğunu göstərir. Ən əsası isə bu, digər baş ağrısı xəstəlikləri ilə əlaqəli ola bilər. Hazırda bu sahədə başqa araşdırmalara ehtiyac var”.

Qeyd edək ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.


Aysel