Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ketodiet adı ilə insanlara nə satılır –“Xlebçilər” arıqladırmı?

  • 2025.08.07 16:45
  • 206 Baxış
Azərbaycanda ketodiet adı ilə insanlara nə satılır  –“Xlebçilər” arıqladırmı?



Uzun müddətdir ki, dietoloqlar və dieta saxlayan insanlar çörəyi marketlərdə satılan “xlebçi” adlanan quru, xırçıltılı taxıl məhsulu ilə əvəz edir. İnsanlar bu məhsulun sağlam və dietik olmasına inanır. Dünənə kimi Rusiya, Belorus və Türkiyədən belə məhsullar ixrac edilirdi, indi isə Azərbaycanda məhsulun tələbatlığını görüb yerli istehsalçılar bu məhsulu da satışa buraxıb.


Daha cəlbedici olsun deyə, məhsula Ketodiet kimi marka adı da seçib. Çünki uşaqdan böyüyə hər kəs son illər Ketodieta barədə eşidib.

Amma görəsən bu məhsulların ketodietə aiddiyatı varmı, tərkibində qeyd olunanlarla real vəziyyət uyğun gəlirmi.?

“Medicina” xəbər verir ki, Azərbaycan Tibb Jurnalının baş redaktor müavini, tanınmış tibb işçisi Fuad İslamzadə bu məhsulların keto pəhrizə aiddiyatı olmadığını və istehsalçıları yayındıramn bəzi məqamlara diqqət çəkib.

“”Latın əlifbası ilə və nədənsə təhrifə uğradılmış şəkildə rusca yazılan sözlərdən məlum olur ki, bu məhsulların tərkibi tamamilə buğda, qarğıdalı, düyü və qarabaşaq kimi dənli bitkilərdən ibarətdir. Bu faktı nəzərə aldıqda ortaya istər-istəməz belə bir sual çıxır:


Görəsən istehsalçı şirkət " ketodiet" sözünün mənasını bilir, yoxsa onlar bilərəkdən istehlakçıları aldadaraq məhsullarını baha qiymətə satmaq fikrindədirlər?
Nəzərinizə çatdırıram ki, ketogen pəhrizə riayət etməli olan şəxs qidalanmada təkcə karbohidratlardan deyil, həm də orqanizm daxilində gedən biokimyəvi proseslər sayəsində karbohidrata çevrilə bilən digər ərzaq maddələrindən də tam imtina etməlidir. Halbuki, yuxarıda adı çəkilən taxıl növləri tərkibində ən çox karbohidrat ( nişasta) olan təbii ərzaq xammallarıdır.


Aşağıdakı 4 şəkildə adını çəkdiyim məhsulların bağlamaları əks edilib. 5-ci və 6-cı şəkillərdə isə Gurcüstanda və Rusiyada istehsal edilən analoji məhsulların bağlamalarını görə bilərsiniz. Adı çəkilən məhsulların ölkəmizdə istehsalına başlandığından əvvəl də onların idxal edilən analoqlarını pərakəndə satış məntəqələrində tapmaq mümkün idi. Lakin onu da etiraf etmək lazımdır ki, ölkəmizdə istehsal edilən bu məhsullar keyfiyyət baxımından həm Gürcüstanın, həm də Rusiyanın məhsullarından xeyli geri qalır. Üstəlik bu məhsulların üzərində yazılan tərkibinin doğruluğu da şübhə doğurur. Çünki onlar həm rənglərinə, həm də orqanoleptik xüsusiyyətlərinə (dadlarına) görə bir-birindən az fərqlənir və üzərində bir ad yazılmış məhsulun tərkibində digər taxıl bitkisi qarışığının olmadığına inanmaq mümkün deyil. Halbuki, bunlar həqiqətən qarışıqsiz olsaydı, buğda tərkiblisindən başqa digər 3 növdən heç olmasa, qlütensiz pəhriz ərzağı kimi istifadə etmək olardı.


Nəhayət onu da qeyd etmək istərdim ki, bu məhsulların ölkəmizdə istehsal edilməsi qiymət artımından başqa heç bir "fayda" verməyib. Çünki alıcılar bu məhsulların qiymətini və keyfiyyətini xaricdən idxal edilənlərlə müqayisə edib, Gürcüstan və Rusiya məhsullarına üstünlük verir, bunu müşahidə edən ticarət şəbəkəsi rəhbərləri isə qiymətləri günbəgün artırırlar. Nəticədə haqqında bəhs etdiyim ərzaq məhsullarının ölkəmizdəki satış qiymətləri son 2 il ərzində 3 dəfəyə qədər bahalaşıb”.


Aygün Musayeva