Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Pascorbin 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.
Medicina.az xəbər verir ki, məlumata görə, Pascorbin-in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti olaraq mümkün olmayacaq.
Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.
Pascorbin 7.5 g/50ml hansı hallarda istifadə olunur?
Mütəxəssislərin sözlərinə görə, yüksək dozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:
* Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə
* İmmunitet zəifliyi olan şəxslərdə
* İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi
* Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə
* Bərpa və reabilitasiya dövründə
COVID-19 dövrü ilə bağlı qeyd
COVID-19 pandemiyası dövründə yüksək dozalı C vitamini preparatları bir çox ölkələrdə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunmuşdur.
Bir çox pasiyentlər bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanımış və onu immunitet dəstəyi ilə əlaqələndirmişdir. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olmuşdur.
Xəstələr üçün tövsiyə
Mütəxəssislər vurğulayır ki, bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır.
Əgər yüksək dozalı C vitamini ilə müalicə nəzərdə tutulubsa, bunu təxirə salmamaq və əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur.
Vacib xəbərdarlıq
Bu preparat:
- yalnız həkim nəzarəti ilə
- fərdi tibbi qiymətləndirmə əsasında istifadə olunmalıdır.
Özbaşına istifadə tövsiyə edilmir.
Yüksək dozalı C vitamini preparatlarının ölkədə müvəqqəti əlçatanlıq məhdudiyyəti ilə əlaqədar olaraq, müalicəni planlaşdıran xəstələrin bu faktoru nəzərə alması və qərarlarını vaxtında verməsi tövsiyə olunur.
Aygün Musayeva
Medicina.az