Nevroloqdan ittihamlara cavab: “Müalicəni yarımçıq qoyub, klinikaya da borcları qalıb” - FOTO

  • 2026.05.14 17:25
  • 528 Baxış
Nevroloqdan ittihamlara cavab:   “Müalicəni yarımçıq qoyub, klinikaya da borcları qalıb” - FOTO


Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Nəsimi kənd sakini, 2002-ci il təvəllüdlü Qamət Hümbətlinin ailəsi nevroloq Hüseyn Soltanovdan şikayət etmişdi. Ailə serebral iflic xəstəsi olan Qamətin “Ömür” klinikasında müalicəsi üçün 6000 manata yaxın xərc çəkdiyini, lakin müalicənin nəticə vermədiyini bildirmişdi.


Medicina.az xəbər verir ki, iddialarla bağlı Hüseyn Soltanov qarşı tərəfin səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirərək, ailənin əksinə klinikaya borclu olduğunu iddia ediblər:

“Hazırda məsələ ilə bağlı iş prokurorluqdadır. Ailə müxtəlif yerlərə şikayətlər edərək, fərqli rəqəmlər səsləndirir.

Qamət 2024-cü ildən Zaur Baxşəliyevin verilişi vasitəsilə qəbula yazılmaq istəyib. 2025-ci ilin mart ayında şəxsən müraciət etdilər. Tərəfimizdən müayinə olundu və diaqnoza uyğun müalicə proqramı təklif edildi.

Qamətdə serebral iflic ağır formadadır. Dünyada bu xəstəliyi 33 günə tam sağaldan, ayağa qaldıran hər hansı üsul və ya həkim yoxdur.

Anadangəlmə bud-çanaq oynağı və diz qapağında çıxıqlar var, ağrılar olması təbiidir. Müalicəvi ayaqqabı təyin etmişik, amma istifadə etmir.

Müalicədən sonra Qamət xeyli yaxşılaşmışdı, hətta əyilərək namaz qıla bilirdi. Valideynlər minnətdarlıq etmişdilər. Valideynlərin təşəkkür və razılıq məzmunlu yazışmaları da bizdə mövcuddur. 6700 manat ödənməsi də yalandır, əksinə pasiyentin ailəsi borcludur. Çox güman, klinikaya borcları qaldığı üçün bu şikayətləri edirlər.

Əsas məsələ isə odur ki, pasiyentin müalicəsi yarımçıq saxlanılıb. Biz onlara 1 il yarımlıq müalicə planı hazırlamışdıq. Müxtəlif əməliyyatlar və sonrakı reabilitasiya nəzərdə tutulurdu. Yalnız bundan sonra xəstənin normal yeriyə bilməsi mümkün idi. İlk mərhələdə razılaşsalar da, sonradan müalicəni dayandırdılar. Yəqin unudublar, uşağın necə sərbəst namaz qıldığını”.


Həkimin sözlərinə görə, ailə klinikaya ümumilikdə 6700 manat deyil, 3500 manat ödəniş edib. Xərclərin dəyəri:

* Müalicəvi idman – 1600 AZN
* 36 günlük palata xərci – 540 AZN
* Dekaburabalin iynələri – 400 AZN
* Botoks proseduru – 2478 AZN

Ümumi məbləğ: 5018 AZN

İddia olunur ki, ailənin klinikaya 1700 manat borcu qalıb.


Borcla bağlı Qamətin anası Vəsilə Hümbətli ilə də əlaqə saxlanılıb. O, çəkdikləri xərcləri belə sadalayıb:

-İlkin müayinə – 70 AZN
-EEQ müayinəsi – 205 AZN
-Xüsusi ayaqqabı sifarişi – 400 AZN
-Klinikaya nağd ödəniş – 3250 AZN
-Dərman, qidalanma və Bakıda qalma xərcləri – 1000 manatdan çox

Valideynin sözlərinə görə, müalicədən imtina etmələrinin səbəbi uşağın vəziyyətinin yaxşılaşmaması, əksinə daha da pisləşməsi və başqa xəstəxanaya yönləndirilməsi olub. Ailə bildirir ki, sonrakı mərhələlər üçün tələb olunan vəsait çox yüksək idi və bu müddət həkimin əvvəlcədən dediyi 6 aylıq zaman çərçivəsini aşırdı. Xəstənin vəziyyəti isə əvvəlkindən daha pisdir.


Aygün Musayeva
medicina.az