Biləsuvar rayonunun Nəsimi kənd sakini, 2002-ci il təvəllüdlü Qamət Hümbətlinin ailəsi nevroloq Hüseyn Soltanovdan şikayətçidir.
İddialara görə, anadangəlmə serebral iflic diaqnozu olan Qamət əvvəllər tam yataq xəstəsi olmayıb, sərbəst hərəkət edib, gündəlik həyatını müəyyən qədər özü idarə edə bilib. Lakin aparılan müalicədən sonra vəziyyətinin ağırlaşdığı bildirilir.
Qamətin anası Vəsilə Hümbətli
Medicina.az -a açıqlamasında iddia edir ki, oğlu ATV -də Zaur Baxşəliyevin müəllifi olduğu verilişdə bu cür xəstələrə tam sağalma vədləri verən nevroloq Hüseyn Soltanovu görəndən sonra müalicəyə ümid edib.
Ailə daha sonra Bakıya gələrək həkimin çalışdığı “Ömür” klinikasına müraciət edib.
Şikayətçinin sözlərinə görə, ilkin qəbul və müayinələr üçün ödəniş etdikdən sonra onlara ümumi müalicə üçün təxminən 6700 manat lazım olduğu bildirilib.
“ Həkim dedi ki, kişi kimi bu uşağı 6 aya sağaldıb verəcəyəm. Sevincimdən ağladım. Kasıb adamam, kredit götürdüm, kənd kömək etdi. Pulun bir hissəsini əvvəl, qalanını sonra ödədim”, – deyə ana bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin aprelində xəstəyə müxtəlif iynələr vurulub, iynələrin birinin 300 manat olduğu deyilib, fizioterapiya və reabilitasiya prosedurları aparılıb. Lakin ailə iddia edir ki, müalicə dövründə xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə pisləşib:
“Yeriyə-yeriyə apardığım oğlumu qucağımda qaytardım. İndi nə otura bilir, nə yeriyə. Bütün günü ağlayır”.
Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı müxtəlif qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələlik nəticə əldə olunmayıb. O, klinikada xərclədiyi vəsaitin geri qaytarılmasını tələb edir.
Məsələ ilə bağlı Hüseyn Soltanovun köməkçisi Aynur xanım açıqlama verib. Bildirib ki, pasiyentlə bağlı bütün məlumatlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim olunub.
Onun sözlərinə görə, xəstəyə serebral iflic diaqnozu ilə nevroloq, ortoped və reabilitoloqlar tərəfindən kompleks müalicə aparılıb, botulinoterapiya, müxtəlif preparatlar və 32 günlük fizioterapiya kursu tətbiq olunub.
“Kurs başa çatanda xəstənin həyat keyfiyyəti daha yaxşı idi. Ona travmatoloji əməliyyat və 1 illik reabilitasiya tövsiyə edilmişdi”, – deyə açıqlamada bildirilib.
Ömür Klinikasının pasiyentin üzərində icra etdiyi müalicə prosedurları barədə Analitik Ekspertiza mərkəzinin sorğusuna cavabını əlavə edirik.
Aygün Musayeva
Medicina.az