Dedi, saçlarım çoxdan ağarıb... - Möhtəşəm bir həkimin xatirəsinə

  • 2026.05.02 08:02
  • 89 Baxış
Dedi, saçlarım çoxdan ağarıb... -  Möhtəşəm bir həkimin xatirəsinə


Dr. Günay Rəhimova

İllər öncə bibimə şüa terapiyası gərəkli oldu. Asifi patokdan tanıyırdım, o zaman isə daha yaxından tanıdım. Empatiya hissi çox güclü idi. Tək pasientlərə qarşı yox, insan olaraq duyarlı idi.

İnsanlara çox inanan vaxtlarımda, məni yaxından tanıyanlar qoymaz yalan deyəm, bəzi xeyriyyələr edirdik. Təbii ki tək deyildim, mənim də köməyimə həkimlər çatırdı. Əlil uşağa araba almışdıq, ev tikmişdik, uşaqlar evi, qocalar evi, hər yerdə, nə zaman kart paylaşırdımsa ora pul atan ilklərdən biri Asif idi.

Bir dəfə bir uşaq gətirdilər yanıma. Mən də alışıq deyiləm ki, uşaqlarda xərçəngə... Eşitdim ki şüasını Asif verir. Ürəyi haqda məlumat vermək üçün yığdım, danışdıq, sonda dedim ki sən necə dözürsən bunlara şüa verəndə? Dedi, saçların ağarıb? Dedim yox. Dedi amma mənimkilər çoxdan ağdı..

Düşünməyin ki mən həkiməm deyə yazıram. Amma həkimlərin qədrini bilin. Siz ki sosial şəbəkələrdə bizi yıxıb sürüyürsüz, insafsız, qəddar damğaları vurursuz, biz hər dəfə ürəyimizi daşa döndəririk ki dəyməz sizlər üçün çalışmağa, vuruşmağa. Çox soyudursunuz cəmiyyətdən, çox.

P. S. İndi hansısa həkimin əlində ölüm hadisəsi olsaydı, saytlar tirajlayacaqdı durmadan, bu yazımı tirajlamayacaqlar. Çünki möhtəşəm bir həkimin xatirəsinə yazılıb…