Fazil Mustafanın sağlamlıq resepti – Deputatın inanılmaz həyat tərzi - VİDEO

  • 22 Fevral, 2019
  • 57674 Baxış
Fazil Mustafanın sağlamlıq resepti – Deputatın inanılmaz həyat tərzi - VİDEO

Medicina.az saytı yeni layihəyə başlayır. "Məşhurların menyusu” adlanan bu layihədə siz tanınmış insanların sağlamlıq reseptləri, həyat tərzləri ilə bağlı maraqlı məlumatlarla tanış olacaqsınız. Layihənin ilk qonağı millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır. F.Mustafa demək olar ki, hər gün idman edir, futbol, basketbol, tennis, bilyard oynamağı sevir. Siqaret çəkmir, spirtli içki qəbul etmir, şəkərdən və duzdan minimum dərəcədə istifadə edir…

- Fazil bəy, sizin  xüsusi bir reseptiniz var, yoxsa ancaq ümumi qaydada sağlamlığınızla məşğulsunuz? 

- Xeyr, xüsusi bir reseptim yoxdur, amma hər halda planlaşdırılmış bir həyat tərzi üzərində sağlamlığı qorumağa çalışıram. Həftəlik cədvəlim var ki, bu cədvəllərdə əgər fövqəladə bir işim çıxmırsa, bir hadisə baş verməyibsə və ya xarici səfərdə deyiləmsə, ona əməl edirəm. Amma gündəlik həyat ritmim belədir: Tezdən saat 7-nin yarısında sübh namazı üçün yerimdən qalxıram. Namazı qıldıqdan sonra idman edirəm. 45 dəqiqə idman prosedurum var. Bu proseduru da daimi həyata keçirməyə çalışıram. Xüsusilə də ayaqların möhkəmləndirilməsi, qan təzyiqinin normal olması üçün müəyyən prosedurlar edirəm. Bundan başqa rezinlə hərəkətlər etməyə çalışıram ki, həftə boyunca futbol, ya basketbol oynayarkən hər hansı şəkildə zədə almayım, yəni əzələ dartınması baş verməsin. Ayaqla bağlı bəzi prosedurları həyata keçirirəm. Çünki ayağımda idman zədələri vardı. Çalışıram ki, onlar həkimə müraciət etmədən  özüm müalicə edim. 
 
 Beləliklə, bu prosedur sübh tezdən başlayır. Sonra işlərimin dalınca gedirəm. Axşamlar çalışıram ki, boş keçməsin. Daha çox bilyard oynayıram. Bütün kəskin atıcılara gün ərzində bilyard oynamağı tövsiyə edirlər. Çünki gözün dəqiqlik məsafəsini  tənzimləyən bir oyundur. Bilyard stolu ətrafında 2 saat fırlanmaq hardasa 3 km yol getməyə bərabər olur. Bu da ayaqların müəyyən dərəcədə hərəkətliliyini saxlayır. Bəzən stolüstü tennis oynayıram. Elə olur, 2 gündən bir, elə olur, hər gün ən az yarım saat dostlarımızla şahmat oynayıram.  Şahmat beyni müəyyən formada saxlamağa xidmət edir. Bəzən isə əgər futbol və basketbol oynamayacamsa, 3 km qaçmağa çalışıram. Havalar soyuq olmayanda dəniz kənarında qaçıb, sonra girib dənizdə çimirəm. Oktyabr ayının 30-na qədər belə davam edir.  Yay boyu - iki ay dənizdə çimərlik futbolu oynayıram. Bu, ayaqların möhkəmlənməsi baxımından çox faydalıdır. Qışda dəniz kənarı təmiz olmur, mənim zirzəmidə qaçış alətim var, onunla minimum 3 km qaçıram



Əvvəllər həftənin hər günü futbol oynayırdım, indi biz az azaltmışam, bu, yaşla və çox zədə almamaqla əlaqədardır. Şənbə günü "Neftçi” futbol klubunun bazasında  peşəkar futbolçularla futbol oynayırıq. Təqribən 1 saat 20 dəqiqə vaxt ayırırıq. Sonra yarım saat da orda idman edirəm. Hər gün çox sayda press edirəm. Bu, bədənin möhkəmlənməsinə kömək edir. Bizim 14-15 nəfərdən ibarət çox gözəl basketbol kollektivimiz var. 10 ildir davamlı olaraq hər bazar oynayırıq. Komanda peşəkarlardan və qeyri-peşəkarlardan ibarətdir. Onlarla 2 saat boyunca çox gərgin oyun keçir. Oyundan sonra dostlarla yarım saat, bir saat çay məclisimiz olur. Söhbətləşib, dərdləşirik. Bu da zövqlü bir əyləncədir. Üzgüçülükdən də xoşum gəlir. Amma məni daha çox fərdi yox, kollektiv oyunlar cəlb edir. Kollektiv oyunda insan stressdən tez azad olur. Qələbənin sevinci, rəqib komandanın mübahisəsi və s. stressin atılması vasitələrindən biridir. Hesab edirəm ki, bu formada gündəmi tənzimləməklə idmansız qalmıram. Bir saat da olsa, hansısa idman növü ilə məşğul oluram. Maraqlıdır ki, idmanla məşğul olduğum gün mənim mütaliəm də normal olur. Gün ərzində azı bir saat, saat yarım mütaliə etməliyəm. Axşamlar ingilis dili ilə bağlı 1 saatlıq məşğələm olur. Onda zehin daha açıq olur. Və daha rahat bu işlərlə məşğul ola bilirəm. Gündəlik işimiz çox olur. Saat 12-yə qədər mən təxminən 20 sayta müsahibə verirəm. Telefon nömrəm hər kəsdə olduğu üçün hamı zəng vurur. Telefonu özüm götürürəm.

- Bəs yemək menyunuz nədən ibarətdir? 

- Çalışıram ki, yemək menyuma xüsusi diqqət yetirəm.

Səhərlər mütləq, 42-50 dərəcə temperaturda olan bir stəkan suya 1 qram soda qatıb içirəm. Bu, bədəndə qələviliyin normada saxlanmasına xidmət edir.
Səhər sodalı su içəndən 1 saat sonra yeməyimi yeyirəm. Yeməyi çörəksiz yeyirəm. Çörəkdən imtina etmişəm. Təxminən 6-7 aydır, heç bir un məhsulundan istifadə etmirəm. Bundan başqa, şəkərdən istifadə etmirəm. Çayımı ancaq qara ərik qurusu və qohumlarımın xüsusi olaraq mənim üçün göndərdikləri tut qurusu ilə içirəm. Qara çay içmirəm, daha çox ot çaylarına, Mədinə gülü, yaşıl çaya üstünlük verirəm. Yeməkdən minimum saat yarım keçməlidir ki, çay içim. Yeməkdən sonra dərhal maye qəbul etmirəm. Bu da mənə çox xeyir edir. Çünki orqanizmdə qidanın özünün həll olmasına nail ola bilirsən. Yəni onu mədədən bağırsağa sürətlə itələmirsən. Axşam 6-dan sonra yemək yemirəm. Yalnız balıq yeməkləri olanda, onu da çörəksiz yeyirəm. Çalışıram ki, axşam vaxtları 15-20 dəqiqə  də olsa gəzim. Mənasız boşuna yeriməyi də çox sevmirəm. İngilis və rus dilində materiallar var ki, onları qulaqcıqla dinləyirəm. Və ya maraqlı bir şəxslə telefon söhbətim varsa, o söhbəti yürüşə salıram. Maraqlıdır ki, axşam da tez yata bilmirəm. Mən 1-də, 2-də yatıram və tez də dururam.  Yuxusuzluq problemi yaranır. Futbol və basketbol çempionatlarını izləməyə çalışıram. Mən atçılıq, tennis... nə olur olsun, idmanının bütün növlərini izləməyə çalışıram. 

Evdə həm də çox zəngin kitabxanam var. Orda da vaxt keçirməyi xoşlayıram. 

Qızımın 9 yaşı var. Hava normal olanda onu Olimpiya Mərkəzinin yanına aparıram. Hər ikimizin velosipedi var. Orda 1 saat velosiped sürürük. Belə bir həyat tərzi qurmuşam. Çevrəmdəki insanlara da sağlam həyat tərzini tövsiyə edirəm. Yəni həkimsiz hər kəsin sağlam olmaq imkanı var. İnsanlar sadəcə tənbəllikdən özləri öz reseptlərini kəşf edə və həyat tərzlərini doğru nizamlaya bilmədiklərinə görə ağrılardan, əzginlikdən şikayət edirlər. Halbuki hər kəs həyat tərzini doğru qursa, tənzimləyə bilsə, belə problemlər də yaşanmayacaq. Onsuz da Allahın verdiyi ömür hardasa tamamlanacaq. Amma sağlam yaşamaq haqqı insanın özünə aiddir. Əgər sən siqaret çəkirsənsə, spirtli içki içirsənsə, qəlyan çəkərək vaxtını keçirirsənsə, bunun əvvəl-axır bir problemini yaşayacaqsan. Ona görə də bu məsələlərdə daha dəqiq olmağın insanın özünə faydası var. 

- Bu həyat tərzini özünüz müəyyənləşdimisiniz, yoxsa kiminsə məsləhəti ilə həyata keçirirsiniz? 

- Mənim həkim, idmançı dostlarım var. Öyrənməyi sevən adamam. Kimdə yaxşı nə görsəm, özümdə tətbiq edirəm. Hər hansı bir idman hərəkəti görsəm, onu edirəm. Ağlabatan nə varsa, onu götürürəm. 

- Neçə ildir bu cür yaşayırsınız? 

- Mən uşaqlıqdan futbol oynayıram. Hərbi xidmətdə belə hərbi hissənin çempionu olmuşam. Hətta hərbi xidmətdən vaxtından əvvəl təxris ediblər. Çempion olduğuma və ən çox qol vurduğuma görə. Daha sonra universitet yığmasının hücumçusu olmuşam. Hüquq fakültəsi olaraq, həmişə universitet daxilində birinci, respublika daxilində isə 2-ci yer tutmuşuq. Komandanın hücumçusu mən olmuşam. Futbolu heç vaxt atmamışam. Hansı şəraitdən olmaqdan asılı olmayaraq. Uşaq vaxtı basketbolu da az-çox oynayırdım. Son 10 ildə basketbola çox böyük bir sevgim yarandı. Basketbolsuz vaxt keçirmirəm. Hərbi xidmətdə olanda ağır atletika ilə də bir az məşğul olmuşam. 

Mənim bağım çox kasıb bağdır. Heç deputat bağına bənzəmir. Amma bütün idman növlərini orda tapa bilərsən. Hansı idman növü desən, mən orda şərait yaratmışam. Futbol, basketbol, qaçış, tennis, turnik, "ştanq” və s. Kimsə qonağım olanda idman profilli insandırsa, darıxmaz. Zirzəmidə də velosiped, qaçış aləti, bilyard stolu, stolüstü tennis var. Çardaqda da böyük kitabxana var. 

- Bu həyat tərzi sizi hansısa bir bəladan qurtarıb? Ümumiyyətlə səhhətinizdə hər şey qaydasındadırmı? 

- Səhhətimdən bir gileyim yoxdur. Əməliyyat olunmamışam. Xüsusi bir xəstəlik keçirməmişəm. Əlbəttə, xeyri olur. Çalışıram ki, həkimsiz özümü ayaqda saxlayım. Nə zərərlidirsə, ondan imtina edirəm. Şəkər və çörək zərərlidir deyə onlardan imtina etmişəm. Təmiz undan bişirilmiş mayasız qara çörək olanda ondan yeyirəm. Səhərlər yumurtaya üstünlük verirəm. Yağlı yeməklərdən ümumiyyətlə imtina etmişəm. Ətdən uzaq dururam. Orqanizm üçün faydalı olan qidalardan istifadə edirəm. Bunlar hamısı dünyagörüşü ilə bağlı olan məsələlərdir. Mən bu həyat tərzini təbliğ də edirəm. Mənim hesabıma xeyli adam basketbola, futbola gəlib, dənizə gedir. Elə təşkil etmişik ki, yaşlı insanlar da gəlib futbol oynayırlar, sonra da girib dənizdə çimirlər. Səmimi dostlarımızın çoxunu idmanda tapmışıq. Bu, olduqca vacibdir. 

 
- Təzyiqiniz adətən neçə olur?

- Təzyiqim normaldır. Son dəfə ölçdüyümdə 111 /70 idi. Açığı təzyiqin ölçüsünü də bilmirəm, ölçməyə də diqqət etmirəm. 

- Çəki və boy nə qədərdir? 

- Boyum 1.70 sm-dir. Çəkim 86 kq-dır. Çəkimi azalda bilmirəm. Mən kökəlməyə meyilli adamam. Bu qədər idmanla mən çəkimi sabit saxlayıram. Amma 1-2 gün idmanı buraxsam kökələcəm. Çəki az olanda rahat olur. Amma mən çox da azaltmaq istəmirəm. Hər kəsdə yaşa görə artıq çəkinin olması qəbul ediləndir. Çəki idmanda mənim sürətimə və manevrlərimə mane olmur. Mane olanda hiss edirəm. Məsələn, 90-na qalxdıqda oyunda effekti aşağı salır. 

- Məlumdur ki, bir çoxları istər qidalanma olsun, istər başqa şeylərdə qeyri-sağlam həyat tərzi keçirir. Deputat həmkarlarınıza, cəmiyyətə nələri tövsiyə edərsiz? 

- Azərbaycan cəmiyyəti qədər özünə dəyər verməyən cəmiyyətə çox az rast gəlmək olar. Bir də biz yaradılışın mahiyyətinə lağlağı münasibət bəsləyən cəmiyyətik. Məsələn, biri alkoqol qəbul edər, içdiyinə sevinər, həm də lağlağı edər. Cəmiyyət özünə fayda olanı anlamaqda çox gecikir. Qarabağ məsələsində də elədir, həyata baxışda da elədir, gələcəyimizə, təhsilə baxışda da elədir. Hansı cəmiyyətdə ata və ya ana uşağın həkimliyə marağı olmadan onu həkim olmağa məcbur edər? Sağlamlıqla bağlı da vəziyyət belədir. Hamının onsuz da həkimə nə vaxtsa ehtiyacı olur. Bir məsəl var, deyir pərşənbənin gəlişi çərşənbədən bəllidir.  Bu gün sənin yeyib-içdiyin, piylənmən sabah sənə xəstəlik olaraq qayıdacaq. Bunu söyləməyə gərək yoxdur. Sən bunu bilə-bilə bu həyat tərzinə davam edirsənsə, özündə olan hər hansı bir fiziki çatışmazlığı ortadan qaldırmağa çalışmırsansa, onda bunun günahını başqalarında axtarma. Allah ağıl veribsə, hər bir insan öz quruluşuna, özünün imkanlarına, potensialına uyğun olaraq özünü təkmilləşdirməlidir. Düşünməlidir ki, mən çalışmalıyam, sağlam olum. Məsələn, yanımda olan birinin siqaret çəkməyinə dərhal iradımı bildirirəm. Xoşu gəlsə də, gəlməsə də. Ərkim çatan adama deyirəm, niyə atmırsan bu siqareti. Bir-iki ziyanını deyirəm. Feysbukda təbliğat aparıram ki, siqaretdən və spirtli içkilərdən uzaq durun. Amma insana zorakılıq tətbiq edə bilməzsən. Ağıllı adam deyiləni götürür, ağılsız adam davam edir. Deyirlər, onsuz da hamı öləcək də. "Biri siqaret çəkdi 90 il yaşadı, o biri siqaret çəkmədi 50 yaşında öldü”. Amma sən hər səhər duranda öskürə-öskürə zəhəri çıxaranda çəkdiyin əzabı 50 il yaşayan adam çəkməyib. Zəhərlə çevrənə - xanımına, uşağına ziyan vurursan.
 
Bütün bunları kompleks olaraq insanlara tövsiyə edərdim ki, əgər, sizə Allah yaşamaq nəsib edibsə, ona haram qatmayın. Sağlam yaşayın. Həm düşüncədə sağlam olacaqsınız, həm də fiziki cəhətdən. Çevrəyə də xoş aura verəcəksiniz. Şikəst insanlarda olan iradənin cüzi bir hissəsi fiziki sağlam olan insanlarda olsa, yaxşı olar. Mən Xüsusi Olimpiadanın vitse-prezidentiyəm. Xüsusi olimpiada zehni qüsurlu olan insanların olimpiadasıdır. O kateqoriyadan olan autizm, daun sindromlu uşaqları idmana cəlb edirik. Bu, mənim üçün xüsusi zövqdür. Bəzən onlarla da oynayıram, onları həvəsləndirirəm. Çünki bu uşaqların imkanları məhduddur. Və bu uşaqların həyat eşqini  görəndə, özünü sağlam sayan insanların miskinliyinə ürəyim ağrıyır. Onların düşüncəsi sağlam deyil. Siz ətrafa yaxşı mesaj verməlisiniz. Bəzən elə olur ki, insan kasıb olur, amma siqareti siqaretin dalınca çəkir. Heç olmasa, yoxsulsansa, siqaretə verdiyin 200 manatı cibində saxla. Meyvə al ye. Bunu təbliğ etməyə çalışıram. 

- İçki və siqareti əvvəldən istifadə etməmisiniz? 

-Mən içki də içmişəm, siqaret də çəkmişəm. Gənclik çağlarında. 2003-cü ildən içkini, 2005-dən isə siqareti tərgitmişəm...

 
Medicina.az